Avstraliyanın Tasmaniya ştatı ölkədə nasist salamını qanuni olaraq qadağan edən ilk bölgə olub. Bununla da nasist simvollarının nümayişi və istifadəsi qadağan edilib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, ştatda nasist salamından ictimai istifadə indi cinayət sayılır və bunun cəzası 3,6 min Avstraliya dolları (2,4 min dollar) cərimə və ya üç ay müddətinə həbs olacaq.
Belə ki, qanunun təkrar pozulması halında, 7,2 min Avstraliya dollarına (4,8 min dollar) qədər cərimə və ya altı aya qədər həbs cəzası veriləcək.
“Nasistlər Tasmaniyada sığınacaq tapmayacaqlar. Faşist simvollarının və salamlarının nümayişi ictimai və əxlaqi standartların kobud şəkildə pozulmasıdır. Dövlətimiz onları qadağan etməklə daha təhlükəsiz və sağlam bir cəmiyyət yaratmağa kömək edəcək”, – Baş prokuror Eliza Arçer bildirib.
Qeyd edək ki, Tasmaniya ştatı ölkədə ilk olaraq nasist simvollarının istifadəsini və nümayişini qadağan edib, yalnız təhsil müəssisələri, eləcə də media və bəzi dini qurumlar üçün bu, istisna təşkil edir (onlara bu simvollardan akademik məqsədlər üçün istifadə etməyə və ya II Dünya Müharibəsi haqqında dürüst və dəqiq məlumat dərc etməyə icazə veriləcək).
Məlumata görə, daha sonra Viktoriya, Kvinslend, Yeni Cənubi Uels və Qərbi Avstraliya ştatları da oxşar qanunlar qəbul edib. İyunun 11-də hökumət nasist simvollarının açıq nümayişini və nasizmlə bağlı əşyaların satışını qadağan edən federal qanun qəbul edib.
İqbal Rzayev,
KONKRET.az
