Sabah, sentyabrın 27-də Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.
KONKRET.az xəbər verir ki, general-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Proses hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilir.
Ötən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfovun iştirak etməyib. Hakim deyib ki, Nizami Məmmədovun vəkilləri Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini, ona əlavə suallar vermək istədiklərini bildiriblər. Məhkəmə Rafail Xələfovun təkrar olaraq çağırılıb dindirilməsi barədə vəsatəti təmin edib. Lakin Rafail Xələfov məhkəməyə həkim arayışı göndərərək koronavirusa yoluxduğunu bildirib, üzrlü səbəbdən prosesdə iştirak edə bilməyəcəyini açıqlamışdı.
Sabah keçiriləcək iclasda Rafail Xələfovun iştirakı təmin ediləcək.
Qeyd edək ki, bundan əvvəl keçirilən iclasda vəkillər 2020-ci ildə Vətən Müharibəsində çalışdığı hərbi hissəyə nə qədər çağırışçı, könüllü və ehtiyatdan geri çağırılan hərbi qulluqçuların sayının müəyyən olunması üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəmişdilər. Hakim Fikrət Əliyev bildirib ki, Müdafiə Nazirliyinin hüquq idarəsi ilə əlaqə saxlayıblar və bu məlumatların verilmə qaydası ilə maraqlanıblar:
“İdarədən bu məlumatların nə dərəcədə mövcudluğu, verilmə qaydası barədə məhkəməyə məlumat vermələri xahiş olunub. Bundan sonra bu məsələ müzakirə olunacaq. Buna görə də hazırkı mərhələdə bu vəsatət baxılmamış saxlanılır. Məsələyə vəziyyətə uyğun qiymət veriləcək”.
Daha sonra hakimlər Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsi barədə vəsatətini müzakirəyə çıxarıblar. Hakim qeyd edib ki, vəkil bu vəsatəti ötən iclasda qaldırıb, amma vəsatətin müzakirəsini bugünkü iclasa saxlanılmışdı. Hakim deyib ki, vəkil vəsatətində iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlərin olmasını göstərib, bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməsi istənilib. Vəsatəti müzakirə edən hakimlər heyəti qərar elan ediblər. Həmin qərara görə, vəsatət təmin edilməyib. Bundan sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlovun əlavə şahid qismində adına kart açılan “ölü canlar” adı altında olan şəxslərin dindirilməsi, maliyyə vəsaitlərinin kənarlaşdırılması ilə bağlı mütəxəssislərin dindirilməsi barədə vəsatətləri müzakirə olunub. Məhkəmə hər iki vəsatəti təmin etməyib. Daha sonra məhkəmədə məlum olub ki, Cəlal Kazımovun həyat yoldaşının adına olan daşınmaz əmlak 110 min manata satılıb və həmin məbləğ ziyanın ödənilməsinə yönləndirilməsi üçün dövlət hesabına köçürülüb. Bundan başqa, Vüsal Əlizadənin də həyat yoldaşının adına olan daşınmaz əmlak 101 min 532 manata satılıb və həmin məbləğ də iş üzrə ziyanın ödənilməsi üçün dövlət hesabına köçürülüb. Vəkillər tərəfindən hər iki işlə bağlı sənədlər məhkəməyə təqdim olunub. Hakimlər hər iki sənədin cinayət işinə əlavə olunması ilə bağlı qərar qəbul ediblər. Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə iş üzrə nə qədər məbləğdə ziyanın ödənilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini istəyib. Məhkəmə bu vəsatəti təmin edib. Bundan sonra Rəşad Mirmehdizadə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfovun əlavə şahid qismində dindirilməsini istəyib: “Rafail Xələfov bu işlərin mərkəzində olan şəxsdir. Rafail Xələfov hələ məhkəmənin əvvəlində ifadə verib. Amma biz müdafiə tərəfi olaraq onun bütün iclaslarda iştirak etməsini, ona çarpaz sualların verilməsinin təmin olunmasını istəmişdik. Amma məhkəmə bu məsələyə müsbət cavab vermədi. Bizim işdə isə ortada olan iki əsas şahid var. Onlardan biri Rövşən Əliyevdir. O da vəfat edib. Digəri isə Rafail Xələfovdur. Şahidlərin dindirilməsindən sonra bizim Rafail Xələfova veriləsi suallarımız yaranıb. Buna görə də onun məhkəməyə dəvət olunmasını təmin etməyinizi xahiş edirəm”.
Dövlət ittihamçısı Rafail Xələfovun məhkəməyə dəvət olunmasına etiraz etməyib. Vəsatəti müzakirə edən hakimlər sonda qərar veriblər. Qərara görə vəsatət təmin olunub. Sabah keçiriləcək iclasda Rafail Xələfovun sorğu-sual ediləcəyi gözlənilir. Daha sonra Nizami Məmmədovun digər vəkili Cahangir Cavadov bildirib ki, Müdafiə Nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov məhkəmədə verdiyi ifadəsində 2015-2020-ci illərdə 20 milyon manat qazanc əldə etdiklərini, həmin məbləğin 19 milyon 600 min manatını sabiq baş qərargah rəisi Nəcməddin Sadıkova verdiyini, 400 min manatın özünə qaldığını, Nəcməddin Sadıkovun ona verdiyi 800 min manatın isə Nizami Məmmədova çatdırdığını göstərib:
“Amma Nizami Məmmədovun özü bu faktın düzgün olmadığını dedi. Bunu da Məlikməmməd Qurbanovdan başqa təsdiq edəcək şahid yoxdur. Çünki bu həqiqət ola bilməz. Bunu təsdiq edəcək Nəcməddin Sadıkov da ortalıqda yoxdur. Bu məsələnin də müşavirə otağında nəzərə alınmasını xahiş edirəm”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb./musavat.com