Bundesverdə seksual qısnama qalmaqalı: Qadın hərbçilərin 75 faizi bu halla üzləşibbackend

Bundesverdə seksual qısnama qalmaqalı: Qadın hərbçilərin 75 faizi bu halla üzləşib

Almaniya ordusunda qadınların 75 faizi, kişilərin isə 35 faizi seksual qısnamaya məruz qalıb – TƏDQİQAT

Almaniya Silahlı Qüvvələrində (Bundesver) xidmət edən qadınların 75 faizi, kişilərin isə 35 faizi seksual xarakterli qısnama ilə üzləşib. Bu qənaət Bundesverin Hərb Tarixi və Sosial Elmlər Mərkəzinin dərc etdiyi tədqiqatın nəticələrində əksini tapıb.

Araşdırmaya əsasən, ən çox rast gəlinən hallar seksual məzmunlu nalayiq ifadələr, ədəbsiz zarafatlar və ikimənalı eyhamlardır. Vizual xarakterli arzuolunmaz hərəkətlərlə, o cümlədən pornoqrafik görüntülərin nümayiş etdirilməsi və ya göndərilməsi ilə qadın hərbçilərin 7 faizi, kişilərin isə 5 faizi qarşılaşıb.

Fiziki xarakterli seksual qısnamaya məruz qaldığını bildirən qadınların göstəricisi 9 faiz, kişilərin göstəricisi isə 3 faizdir. Seksual xarakterli zorakılıqla üzləşdiyini deyən hərbçilərin payı isə hər iki cins üzrə 2 faiz təşkil edir.

Tədqiqat göstərir ki, bu halların qurbanları arasında xüsusilə aşağı hərbi vəzifələrdə xidmət edən gənc qadınlar, eləcə də özünü heteroseksual hesab etməyən kişilər üstünlük təşkil edir. Ehtimal olunan pozuntu törədənlərin ən azı 96 faizi kişilərdir.

Araşdırmanın diqqətçəkən məqamlarından biri də belə halların əksəriyyətinin rəsmi qaydada qeydə alınmamasıdır. Belə ki, seksual xarakterli şifahi təzyiqlərlə bağlı məlumatların təxminən hər beşindən yalnız biri, vizual xarakterli qısnama halları barədə məlumatların isə hər altısından biri aidiyyəti qurumlara çatdırılır. Fiziki qısnama və seksual zorakılıq hallarında da oxşar vəziyyət müşahidə olunur.

Almaniyanın müdafiə naziri Boris Pistorius açıqlanan statistikadan sarsıldığını bildirib. Onun sözlərinə görə, Bundesverdə seksual xarakterli qanun pozuntularına qarşı “sıfır dözümlülük” prinsipi tətbiq edilməlidir.

Nazir problemin aradan qaldırılması üçün qətiyyətli addımlar atılacağını bəyan edib və 34 bənddən ibarət fəaliyyət planını təqdim edib. Planda noyabrın əvvəlində yaradılmış Help adlı məsləhət xidmətinin fəaliyyəti də nəzərdə tutulur.

Pistoriusun sözlərinə görə, bu xidmət hərbi xidməti və tabelik münasibətlərini tənzimləyən iyerarxiyadan kənar fəaliyyət göstərir. Bu isə zərərçəkənlərə baş verənlər barədə məxfi şəkildə məlumat vermək və kömək almaq imkanı yaradır.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*