Avropa Siyasi Birliyinin Dublin Sammiti Avropa ölkələri arasında siyasi dialoqun, həmrəyliyin və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, beynəlxalq münasibətlər sistemində yeni çağırışların meydana çıxdığı bir vaxtda bu platformanın Avropanın gələcək siyasətinə və Azərbaycanla münasibətlərinə təsiri də diqqət mərkəzindədir. Azərbaycanın Avropa Siyasi Birliyinin fəaliyyətində iştirakı və növbəti zirvə toplantısına ev sahibliyi etməsi isə ölkəmizin Avropa ilə əlaqələrinin inkişafı baxımından yeni perspektivlər yaradır.
Bəs Dublin Sammiti Avropanın üzləşdiyi problemlərin həllinə və Azərbaycanla əməkdaşlığın genişlənməsinə hansı töhfələri verə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Taleh Əliyev bildirib ki, İkinci Dünya müharibəsindən sonra Avropada dövlətlər arasında əməkdaşlığın, ümumi təhlükəsizliyin və birgə yaşayışın təmin edilməsi məqsədilə bir sıra kollektiv strukturlar yaradılıb.

“Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO, eləcə də əvvəlcə ATƏM, sonradan isə ATƏT adlandırılan təşkilatlar bu istiqamətdə mühüm platformalar rolunu oynayıb. Sovet İttifaqının dağılmasından sonra Şərqi Avropa ölkələrinin, o cümlədən keçmiş sovet respublikalarının bir qisminin həmin strukturlara qoşulması Avropada əməkdaşlıq coğrafiyasını daha da genişləndirib.
Zaman keçdikcə mövcud təşkilatların Avropa dövlətləri arasında əvvəlki yaxınlığı təmin etmək və yeni geosiyasi çağırışlara effektiv cavab vermək imkanları ilə bağlı müəyyən suallar yaranıb. Məhz bu şəraitdə Avropa Siyasi Birliyinin yaradılması təşəbbüsü gündəmə gəlib”.
T.Əliyevin fikrincə, yeni platformanın qarşısında ciddi vəzifələr dayansa da, onun gələcəyi ilə bağlı hələlik birmənalı fikir söyləmək çətindir:
“Bu gün bəzi Avropa ölkələrinin Avropa Siyasi Birliyinin gələcəyi ilə bağlı fərqli yanaşmaları və daha çox öz milli maraqlarından irəli gələn gözləntiləri var. Digər tərəfdən, yeni dünya nizamının formalaşması istiqamətində qlobal miqyasda ciddi gərginlik yaşanır. Belə bir şəraitdə bu birliyin bütün mövcud problemləri aradan qaldıraraq sabit, təhlükəsiz və rifah içində olan Avropa yaradacağına dair qəti fikir söyləmək inandırıcı deyil”.
Politoloq hesab edir ki, bütün çətinliklərə baxmayaraq, Avropa Siyasi Birliyi son illərdə Avropa dövlətlərinin ortaq dəyərlər və maraqlar ətrafında bir araya gəlməsi istiqamətində irəli sürülən mühüm təşəbbüslərdən biridir.
O, vurğulayıb ki, Azərbaycan bu platformanın fəaliyyətə başladığı ilk mərhələdən etibarən proseslərdə yaxından iştirak edir. Avropa ölkələrinin Azərbaycanla geniş ikitərəfli əməkdaşlıq əlaqələrinə malik olması da ölkəmizin bu formatda əhəmiyyətini artırır.
T.Əliyev Azərbaycanın Avropa Siyasi Birliyi çərçivəsində artan rolunun mühüm göstəricilərindən biri kimi ölkəmizin növbəti zirvə toplantısına ev sahibliyi edəcəyinə dair qərarı diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, Azərbaycanla Avropa strukturları arasında siyasi dialoqun, hərtərəfli əməkdaşlığın və inteqrasiyanın inkişafı baxımından yeni platforma formalaşdırır.
Politoloq əlavə edib ki, beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər Avropa Siyasi Birliyinin uzunmüddətli perspektivlərini qiymətləndirməyi çətinləşdirsə də, hazırkı mərhələdə bu platforma həm Avropa dövlətlərinin qlobal təhdidlər qarşısında həmrəyliyinin qorunması, həm də Azərbaycan kimi qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.
Onun qənaətinə görə, Azərbaycan da bu platformadan istifadə etməklə Avropa ölkələri ilə siyasi və iqtisadi əlaqələrini daha da genişləndirməkdə, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.
Aynurə İsmayıl
KONKRET.az
