Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında fənlərin sayının azaldılması və beynəlxalq imtahan nəticələri ilə universitetlərə qəbul imkanlarının genişləndirilməsi məsələsi yenidən gündəmə gəlib. Mövcud qəbul modelində abituriyentlərin bir neçə fənn üzrə paralel hazırlaşması həm vaxt itkisinə, həm də ailələrin üzərinə əlavə maddi yükün düşməsinə səbəb olur. Bəs qəbul sistemində hansı dəyişikliklər mümkündür? Fənlərin sayının azaldılması abituriyentlərin hazırlıq yükünü yüngülləşdirə bilərmi?
Mövzu ilə bağlı təhsil eksperti Fuad Hacıyev KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda universitetlərə qəbul zamanı beynəlxalq imtahanların nəticələrindən istifadəyə daha geniş yer verilməlidir.

Onun sözlərinə görə, abituriyentlərə seçim imkanı yaradılmalı, istəyənlər ənənəvi qaydada Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarına hazırlaşmalı, digər namizədlər isə beynəlxalq imtahan nəticələri ilə universitetlərə müraciət edə bilməlidirlər. Ekspert bu baxımdan ADA Universitetində SAT nəticələri əsasında qəbul təcrübəsinin digər ali təhsil müəssisələrinə də şamil olunmasını məqsədəuyğun hesab edir.
Fuad Hacıyev qeyd edib ki, xarici universitetlərə müraciət etmək üçün SAT imtahanına hazırlaşan gənclər həmin nəticələrlə Azərbaycandakı daha çox ali təhsil müəssisəsinə də sənəd təqdim etmək imkanına malik olmalıdırlar. Bu, iki fərqli qəbul sisteminə ayrıca hazırlaşmaq zərurətini azalda, həm abituriyentlərin vaxtına, həm də ailələrin büdcəsinə müsbət təsir göstərə bilər.
Ekspert qəbul imtahanlarında fənlərin sayının azaldılması məsələsinin də ciddi müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bir neçə fənn üzrə paralel hazırlıq abituriyentlərin vaxtını məhdudlaşdırmaqla yanaşı, xüsusilə repetitor xidmətindən istifadə edən ailələr üçün ciddi maliyyə yükü yaradır.
Onun fikrincə, buraxılış imtahanı şagirdlərin ümumi baza biliklərini qiymətləndirməli, qəbul mərhələsində isə seçilən ixtisas üçün zəruri olan fənlərə üstünlük verilməlidir. Hətta müəyyən ixtisas istiqamətlərində ikinci mərhələnin iki əsas fənn üzərində qurulması sınaqdan keçirilə bilər.
Bununla belə, Fuad Hacıyev hesab edir ki, fənlərin sayının azaldılması proqramların ağırlaşdırılması ilə müşayiət olunmamalıdır. Əks halda, abituriyentlərin hazırlıq yükü və ailələrin xərcləri əvvəlki səviyyədə qala bilər. Bu səbəbdən tədris proqramlarının həcmi, imtahan tapşırıqlarının məzmunu və məktəblərdə verilən biliklərin qəbul imtahanlarına hazırlıq baxımından yetərliliyi kompleks şəkildə qiymətləndirilməlidir.
Ekspert beynəlxalq imtahan nəticələri ilə qəbul zamanı da vahid və aydın meyarların müəyyənləşdirilməsini vacib sayır. Onun sözlərinə görə, bütün beynəlxalq imtahanlar hər ixtisas üçün eyni dərəcədə uyğun deyil. Buna görə universitetlər üzrə qəbul edilən imtahanlar, minimum nəticələr, dil və zəruri fənn tələbləri əvvəlcədən açıqlanmalıdır.
Fuad Hacıyev dəyişikliklərin mərhələli şəkildə həyata keçirilməsini, əvvəlcə pilot layihələr çərçivəsində sınaqdan keçirilməsini və nəticələrin təhlilindən sonra genişləndirilməsini təklif edib. O, həmçinin beynəlxalq imtahanlara hazırlığın və iştirakın müxtəlif gəlir səviyyəsinə malik ailələrin övladları üçün əlçatan olmasının vacibliyini diqqətə çatdırıb.
Ekspertin sözlərinə görə, qəbul sisteminin təkmilləşdirilməsi istiqamətində dəyişikliklərin yaxın zamanda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universitetində bəzi ixtisaslar üzrə tətbiq olunması mümkündür. O, bununla bağlı fikrinin şəxsi gözləntisi olduğunu da xüsusi vurğulayıb.
Beləliklə, təhsil ekspertinin təklif etdiyi yanaşma qəbul sistemində həm fənlərin sayının azaldılmasını, həm də beynəlxalq imtahan nəticələri ilə universitetlərə qəbul imkanlarının genişləndirilməsini nəzərdə tutur.
Aynurə İsmayıl
KONKRET.az
