İsrailin Baş naziri Benyamin Netanyahu barəsində Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı çıxarması beynəlxalq siyasi gündəmin diqqət çəkən məsələlərindən biridir. Qəzzada həyata keçirilən hərbi əməliyyatlarla əlaqədar hərbi cinayətlərdə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan Netanyahunun həbs edilməsi məsələsi hüquqi və siyasi baxımdan müzakirə olunur.
Bəs onun beynəlxalq hüquq çərçivəsində həbs olunması nə dərəcədə realdır? Netanyahu Avropa ölkələrindən birinə səfər edərsə, barəsindəki həbs qərarı icra oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Benyamin Netanyahu haqqında Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər üzrə həbs orderi verilib. Bu baxımdan İsrailin Baş nazirinin bir sıra Avropa ölkələrinə səfəri onun həbs olunması ilə nəticələnə bilər.

Politoloqun sözlərinə görə, Netanyahu güclü siyasi fiqur olmaqla yanaşı, İsraildə müəyyən siyasi dairələrin və beynəlxalq müttəfiqlərinin dəstəyinə malikdir. Bu amillər onun həbsini çətinləşdirən əsas səbəblərdəndir:
“Benyamin Netanyahu güclü siyasi fiqurdur. Təbii ki, onu dəstəkləyən qüvvələr, o cümlədən yəhudi lobbisi də mövcuddur. Buna görə də onun həbs olunması hazırkı şəraitdə asan məsələ deyil. Lakin barəsində həbs orderi olduğu üçün başqa ölkələrə, xüsusilə Avropa dövlətlərinə səfər edəcəyi təqdirdə saxlanılması mümkündür. Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanıyan və onunla əməkdaşlıq öhdəliyi daşıyan dövlətlər bu orderi icra edə bilərlər”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Netanyahunun siyasi gələcəyi də onun hüquqi vəziyyətinə təsir göstərə bilər. Baş nazir postunu itirəcəyi təqdirdə onun həm beynəlxalq, həm də daxili müstəvidə üzləşdiyi hüquqi təzyiqlər artır. Belə ki, Netanyahu İsraildə korrupsiya ittihamları ilə də üz-üzədir.
Politoloq hesab edir ki, onun barəsində daxili hüquqi proseslərin davam etməsi də siyasi mövqeyinə təsirsiz ötüşməyəcək. Bununla belə, Netanyahuya qarşı mövcud ittihamların və beynəlxalq həbs orderinin icrası siyasi amillərdən də asılıdır.
Ekspert ABŞ-ın İsrailə və şəxsən Netanyahuya münasibətinin də bu məsələdə mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla Netanyahunun yaxın münasibətləri və Vaşinqtonun İsrailə siyasi dəstəyi baş nazirin beynəlxalq müstəvidə təcrid olunmasını çətinləşdirir.
“Düşünmürəm ki, Netanyahunun yaxın perspektivdə həbs olunması real görünür. O, güclü siyasi dəstəyə malikdir və Donald Trampla da dostluq münasibətləri var. ABŞ-ın ona dəstəyi də nəzərə alınmalıdır. Ancaq ümumi mənzərəyə baxdıqda, Netanyahu Avropa ölkələrindən birinə səfər edərsə, həmin dövlətin beynəlxalq öhdəliklərinə uyğun olaraq onu həbs etməsi mümkündür”, – deyə politoloq bildirib.
Aynurə İsmayıl
KONKRET.az
