Neft-qaz sektorunda çalışan türkmənlər maaşların aşağı olması, həmçinin oxşar vəzifələrdə çalışan əcnəbilərin daha çox əmək haqqı alması səbəbindən kütləvi şəkildə ölkəni tərk edirlər.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, son aylarda respublikanı 17 qazma mütəxəssisi tərk edib.
Onlardan səkkizi əvvəllər İrlandiyanın “Dragon Oil”, beşi İtaliyanın “Eni” və dördü Malayziyanın “Petronas” şirkətində çalışıb. Qeyd olunan müəssisələrin hamısı Xəzər şelfini işlədir.
Qeyd olunub ki, Türkmənistan vətəndaşlarına, məsələn, böyük qazma mühəndislərinə ayda 1000-1300 dollar maaş verilir. Ölkə vətəndaşları üçün bu, layiqli gəlir hesab edilsə də, əcnəbilər gündə eyni məbləği qazanır.
Mənbələrin məlumatına görə, vəziyyəti türkmən həmkarlarının peşəkarlıq qabiliyyətini aşağılayan xarici qazmaçılar daha da gərginləşdirir. Baxmayaraq ki, yerli mütəxəssislər Səudiyyə Ərəbistanı, Qətər və Yaxın Şərqin digər ölkələrinin iri şirkətlərində işə düzəlirlər.
Maaş fərqinə məmurların susqun münasibəti də təsir edir. Məsələn, “Türkmənneft”də maksimum əmək haqqı 400-600 dollardır. Eyni zamanda, yerli rəhbərlərin əcnəbi mütəxəssislərin maaşlarını kəsmək, onlara nəzarət etmək səlahiyyəti də yoxdur.
Beləliklə, Türkmənistan əvəzlənməsi çətin olan ixtisaslı işçiləri itirir. Çünki neft-qaz sənayesində mütəxəssis hazırlamaq 10-15 il çəkir.
İqbal Rzayev,
KONKRET.az
