Nəsillərarası uçurum dərinləşib – “Məsafəni yaş fərqi yox, anlaşılmamaq yaradır”backend

Nəsillərarası uçurum dərinləşib – “Məsafəni yaş fərqi yox, anlaşılmamaq yaradır”

Müasir cəmiyyətdə gənc və yaşlı nəsil arasında dünyagörüşü, həyat tərzi, ailə münasibətləri və iş prinsipləri baxımından ciddi fərqlər müşahidə olunur. Bu fərqlər isə bəzən qarşılıqlı anlaşılmazlığa, konfliktlərə, hətta ailə və iş münasibətlərində gərginliyə səbəb olur.

Bəs nəsillərarası uçurumun əsas səbəbi nədir? Bu məsafəni azaltmaq mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Dilruba Həsənova bildirib ki, nəsillərarası uçurum yalnız yaş fərqindən ibarət deyil.

Psixoloqlara maraq artır: Dəb dalğası, yoxsa… | KONKRET

“Bu, fərqli dövrlərdə formalaşmış insanların dünyanı fərqli şəkildə qavramasıdır. İnsan hansı dövrdə böyüyürsə, onun düşüncə tərzi və “doğru həyat” təsəvvürü də həmin dövrün təsiri ilə formalaşır. Ona görə də bir nəslin normal hesab etdiyi davranış digər nəsil üçün anlaşılmaz, hətta bəzən yanlış görünə bilər.

İnsan yaşlandıqca sinir sistemində müəyyən dəyişikliklər baş verir. Gənclik dövründə beyin yeniliyə daha açıq olur. Yaş artdıqca isə təcrübə və sabitlik daha ön plana çıxa bilər. Amma bunu “gənc dəyişkəndir, yaşlı mühafizəkardır” kimi ümumiləşdirmək düzgün deyil. Bioloji xüsusiyyətlər insanın davranışını müəyyənləşdirmir, sadəcə ona təsir edən amillərdən biri kimi çıxış edir.

Yaşlı nəsil çox vaxt həyatını məsuliyyət və mübarizə üzərində qurur. Gənc nəsil isə daha çox psixoloji rahatlığa önəm verir. Buna görə yaşlı insanın “dözmək lazımdır” düşüncəsi gənc nəslə bəzən özünü itirmək kimi görünür. Gəncin “mən özümü burada yaxşı hiss etmirəmsə, niyə qalmalıyam?” yanaşması isə yaşlı insana məsuliyyətsizlik təsiri bağışlaya bilər. Əslində hər ikisi öz yaşadığı dövrün reallığından danışır”, – deyə psixoloq qeyd edib.

D.Həsənova bildirib ki, nəsillərarası fərqlər ailə münasibətlərində də özünü qabarıq şəkildə göstərir:

“Ailədə də eyni vəziyyət yaranır. Valideyn övladına öz yaşadığı həyatın qaydaları ilə istiqamət vermək istəyir. Gənc isə bunu qayğı kimi yox, müdaxilə kimi qəbul edə bilər. Burada problem çox vaxt sevginin olmaması deyil, sevginin ifadə formasının dəyişməsidir”.

Psixoloqun sözlərinə görə, iş mühitində də gənc və yaşlı nəsillərin gözləntiləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir:

“İş yerində bu uçurum daha açıq görünür. Gənc nəsil daha çevik iş modeli və şəxsi sərhədlər istəyir. Yaşlı nəsil isə intizamı, təcrübəni və səbrlə, pillə-pillə irəliləməyi daha çox qiymətləndirə bilər. Burada da biri digərini “köhnə düşüncəli”, digəri isə “təcrübəsiz” adlandıranda problem başlayır. Halbuki təcrübə ilə yenilik bir-birinin düşməni deyil”.

Psixoloq hesab edir ki, nəsillərarası uçurumun əsas səbəblərindən biri insanların bir-birini yaşına görə qiymətləndirməsidir:

“İnsan qarşısındakını “gəncdir, heç nə bilmir” və ya “yaşlıdır, heç nə anlamır” deyə qəbul edəndə artıq ünsiyyət qapanır. Hər nəsil öz dövrünün məhsuludur.

İnsan çox vaxt özünə həqiqət kimi görünən bir şeyi universal həqiqət zənn edir. Halbuki insanın “doğrusu” onun yaşadığı mühitin içində formalaşır. Ona görə də nəsillər bir-birini dəyişdirməyə çalışmaq əvəzinə, qarşı tərəfin hansı şəraitdə formalaşdığını anlamağa çalışmalıdır.

Çünki nəsillər arasındakı məsafəni yaş fərqi yaratmır, anlaşılmamaq yaradır. İnsan qarşısındakının dünyasını başa düşəndə yaş fərqi aradan qalxmır, amma uçurum daralır. Əsl yetkinlik də budur – öz doğrusundan imtina etmədən, başqasının doğrusunun haradan gəldiyini anlaya bilmək”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*