Nikah müqaviləsi ailə münasibətlərində tərəflərin hüquq və vəzifələrini əvvəlcədən müəyyənləşdirməyə imkan verən mühüm hüquqi sənəddir. Lakin praktikada bu müqavilədə nəzərdə tutulan öhdəliklərin hər zaman könüllü şəkildə yerinə yetirilmədiyi hallarla da rastlaşmaq mümkündür. Belə vəziyyətlərdə tərəflərin hüquqlarının necə qorunduğu, müqavilə şərtlərinin hansı hallarda məcburi qaydada icra edilə bildiyi və məhkəmə mexanizmlərinin nə dərəcədə effektiv olduğu maraq doğurur.
Bəs Azərbaycan qanunvericiliyinə görə, nikah müqaviləsinin şərtləri pozulduqda onun məcburi icrasını tələb etmək mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Toğrul Məmmədov bildirib ki, nikah müqaviləsi Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir və bu məsələlər Məcəllənin 40.2-ci maddəsində öz əksini tapıb.
Onun sözlərinə görə, nikah müqaviləsi üzrə yalnız əmlak xarakterli öhdəliklərin məcburi icrası tələb oluna bilər:

“Burada tərəflər müəyyən məsuliyyət götürür və həmin öhdəlikləri yerinə yetirməlidirlər. Əgər tərəflərdən biri üzərinə düşən öhdəlikləri icra etmirsə, digər tərəf məhkəməyə müraciət edə bilər. Ən vacib məqam ondan ibarətdir ki, məcburi icra yalnız əmlak xarakterli məsələlərə şamil olunur”.
Hüquqşünas qeyd edib ki, tərəflər, məsələn, ailənin ümumi xərclərini bərabər şəkildə qarşılamaq barədə razılığa gəliblərsə, lakin onlardan biri bu öhdəliyi yerinə yetirmirsə, digər tərəf çəkdiyi xərclərin kompensasiyası üçün məhkəməyə müraciət etmək hüququna malikdir:
“Məhkəmə təqdim olunan sübutları araşdırdıqdan sonra iddianı təmin edərsə, qərarın icrası qanunvericiliyə uyğun şəkildə həyata keçirilir. Bu, əmlak xarakterli münasibətlərə aid olan məsələlərdir”.
Toğrul Məmmədov vurğulayıb ki, qeyri-əmlak xarakterli öhdəliklərin məcburi icrası məsələsi isə hüquqi baxımdan daha mürəkkəbdir və bu sahədə məcburetmə mexanizmləri açıq şəkildə müəyyən edilməyib.
Hüquqşünasın fikrincə, nikah müqaviləsinin icrası ilə bağlı mübahisələrdə əsas meyar müqavilədə nəzərdə tutulan öhdəliyin əmlak xarakterli olub-olmamasıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
