Dünyada havaların daha da istiləşəcəyi ilə bağlı yeni proqnozlar açıqlanıb. Alimlər Sakit okeanda formalaşan “El-Nino” iqlim hadisəsinin qarşıdakı aylarda qlobal temperaturun yüksəlməsinə təsir göstərə biləcəyini bildirirlər. Güclü “El-Nino” ssenarisinin xüsusilə isti iqlimə malik ölkələrdə temperaturla bağlı riskləri artıracağı və yüz minlərlə əlavə ölümə səbəb ola biləcəyi barədə xəbərdarlıqlar səsləndirilir.
Bəs “El-Nino” qlobal temperaturu nə qədər yüksəldə bilər? Qarşıdakı dövrdə Azərbaycanda da temperatur artımı və anomal isti hava ehtimalı varmı?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, Sakit okeanda, eləcə də dünya okeanında belə cərəyanlar hər zaman olub:
“El Nino” bunlardan fərqli olaraq, dünyanın iqliminə təsir edəcək gücə malikdir. Belə ki, bu hadisə buxarlanmaya, havaların istiləşməsinə və quraqlığa səbəb olur. Belə təbii hadisələrin əvvəlcədən proqnozlaşdırılması insanların hazırlıqlı olması baxımından vacibdir. “El Nino” qarşısında bəşəriyyət və elm adamları müəyyən mənada acizdir. Bu, iqlim dəyişiklikləri və insan fəaliyyəti ilə bağlı olan hadisə deyil. “El Nino” okeanda baş verən, davamlı müşahidə olunan bir hadisədir və dünyanın müxtəlif bölgələrinə fərqli təsir göstərir. Bəzi yerlərdə havaların istiləşməsinə, bəzi yerlərdə isə yağıntıların artmasına səbəb olur”.
Ekoloq isti ölkələrə daha ciddi təsir edəcəyi fikri ilə razı deyil:
“Gördüyünüz kimi, bu yay Avropa istidən çox əziyyət çəkdi. Səbəblərdən biri də “El Nino” idi. Onun yaratdığı hava kütlələri müəyyən ərazilərə gəlib çatır və bunun nəticəsində bəzən ağır nəticələr, hətta ölüm halları baş verə bilər. Bu təbii fəlakətin qarşısında insanların hazırlıqlı olması çox vacibdir”.
“El Nino” dünyada havanın temperaturunun artmasına, istiliyin yüksəlməsinə səbəb olacaqmı sualına gəlincə, Qorxmaz İbrahimli deyib ki, əslində, artıq səbəb olub:
“Hələ də alimlər bu barədə mübahisə edirlər: hava karbon qazına görə isinirmi, yoxsa belə cərəyanların da iqlim dəyişikliklərinə təsiri varmı? Məncə, “El Nino” iqlim dəyişikliklərinə təsir göstərsə də, qlobal istiləşmənin əsas səbəbi deyil. Yəni qlobal istiləşməyə təkbaşına səbəb olmayacaq.
Birdən-birə temperatur 40 dərəcəyə çatacaqmı? Belə bir şey yoxdur. Əslində, mülayim qurşaqda yerləşdiyimizə görə ekvatorial hava cərəyanları, şimaldan gələn soyuq hava kütlələri, cənubdan gələn isti hava bizə təsir edir. Eləcə də “El Nino”nun təsiri bizdən yan keçmir. Bu hadisənin Azərbaycana da müəyyən təsiri olacaq”.
