Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisəbackend

Həkimə düşmək üçün həbsxanaya getdi: ABŞ-da inanılmaz hadisə

2011-ci ildə ABŞ-ın Şimali Karolina ştatında qəribə bir hadisə baş verdi. Bir kişi RBC bankının filialına daxil olaraq kassirə bir kağız uzatdı. Kağızda bunun bank soyğunu olduğu yazılmışdı və kassirdən pul tələb edilirdi. Amma burada qeyri-adi bir məqam vardı: kişi cəmi 1 dollar istəyirdi!

Pulu alan kimi sakitcə bankın foyesindəki divana əyləşib polisin gəlməsini gözləməyə başladı. Əslində, bu, tarixdə ən qəribə bank soyğunlarından biri idi. Bir dollar üçün banka basqın edən adamın başqa məqsədi olduğu isə sonradan məlum oldu.

Hadisənin səbəblərini araşdırmağa başlayanda 59 yaşlı kişinin faciəli həyat hekayəsi üzə çıxdı. O, 17 il Coca-Cola şirkətində yük maşını sürücüsü kimi çalışmışdı. Lakin sonradan həyatı alt-üst olmuşdu: işini itirmiş, tibbi sığortasından məhrum olmuş, bütün yığdığı pullar tükənmişdi.

Əvəzində sağlamlıq problemləri getdikcə artmışdı. Onurğasındakı iki fəqərəarası disk sıradan çıxmış, artrit səbəbindən barmaqlarının oynaqları şişmiş, sol ayağında güclü ağrılar yaranmışdı. Üstəlik, sinəsində bir şiş əmələ gəlmişdi. Bunun xərçəng olub-olmadığını isə bilmirdi.

Vəziyyət çıxılmaz bir dairəyə çevrilmişdi: ağrılar səbəbindən işləyə bilmirdi, işləmədiyi üçün tibbi sığortası yox idi, sığortası olmadığına görə də müayinə və müalicə ala bilmirdi.

O, əlillik müavinəti və ya erkən pensiya almaq üçün müraciət etmişdi. Lakin istədiyi cavabı almamışdı. Ona yalnız ərzaq almaq üçün sosial yardım talonları verilmişdi.

Bəs həkimə necə müraciət etsin? Pulu yox idi, sığortası yox idi. Həkim müayinəsindən keçmədiyi üçün xəstəliklərini təsdiqləyən tibbi sənədləri də əldə edə bilmirdi. Beləcə, yenə həmin çıxılmaz vəziyyətə düşmüşdü.

Nəhayət, 59 yaşlı kişi özünəməxsus, faciəvi bir qərar vermişdi. Pensiyaya çıxmasına hələ üç il qalırdı. O düşünürdü ki, həbsxanaya düşsə, bəlkə orada heç olmasa həkim müayinəsindən keçə və 62 yaşına qədər yaşaya bilər.

Əslində, həbsxanada da təhlükəsizliyindən ciddi narahat idi. Amma müalicə olunmaq üçün başqa yolu qalmamışdı. Həyatını davam etdirmək üçün belə çıxış yolu tapa bilmirdi.

Məhkəmə prosesi zamanı hakim və prokurorlar bu qəribə “əsrin soyğunu”na fərqli yanaşdılar. Onların fikrincə, bir dollar götürmək ağır bank qarətinə bərabər sayıla bilməzdi. Buna görə də ittiham daha yüngül – xırda oğurluq kimi tövsif edildi.

Kişi günahını etiraf etdi və təxminən bir il müddətinə azadlıqdan məhrum edildi. Halbuki onun hesabına görə, üç il həbsdə qalmalı idi.

Nəticədə cəzasını çəkərək həbsxanadan çıxdı. Daha sonra televiziya kanalına müsahibəsində verdiyi qərardan peşman olmadığını bildirdi. Onun sözlərinə görə, başqa çıxış yolu yox idi və bu addımı atmağa məcbur qalmışdı.

Təsəvvür edin, bir insan üçün həkimə müraciət etmək o qədər əlçatmaz olur ki, azadlıqda müalicə almaqdansa, həbsxanaya düşməyi üstün tutur.

Bax, sosial təminatın, tibbi sığortanın və insan həyatına verilən dəyərin olmadığı bir sistemdə insan taleyi bəzən bu qədər acınacaqlı olur.

Ağagül Mürsəlov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*