Hər il Novruz bayramı ərəfəsində Azərbaycana müxtəlif ölkələrdən turist axını olurdu. Son illər ərzində qeyri-neft sektorunun ən vacib qollarından olan turizmə dövlət dəstəyi fonunda ölkəmizə səfər edənlərin sayı ilbəil artırdı. Lakin koronavirus pandemiyası bu sahədə müxtəlif problemlərə səbəb oldu.
Maraqlıdır, bu il Novruz ərəfəsində turizm sektorunda canlanma olacaq?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını turizm eksperti Ceyhun Aşurov cavablandırıb.
Ekspert bildirib ki, pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də turizm olub:
“Hər il Novruz bayramı ərəfəsində İrandan Azərbaycana böyük turist axını olurdu. Qonşu ölkə İranda mart ayında tətil günlərinin sayı çox olur. Həmin ərəfədə İranlı turistlər Azərbaycana, Türkiyəyə və digər region ölkələrinə səfər edirdi. Pandemiya dövründə turizm sektoru iflic oldu. Bu il az da olsa, turist qrupları ölkəmizə gəldi. Lakin nəzərə almaq lazımdır ki, ölkəmizə gələn iranlı turistlərin əksəri quru yolu ilə gəlir. Təyyarədə yer sayı məhdudluğu və qiymətlərin baha olması gələn turist sayına mənfi təsir edir. Ona görə də, bu il üçün İrandan çoxsaylı turist axını gözlədiyimizi deyə bilmərik.

Ekspert əlavə edib ki, pandemiya dövrü ilə müqayisədə turizm sektorunda müəyyən qədər canlanma olacaq:
“Bayram günləri ilə əlaqədar olaraq daxili turizmin də müəyyən qədər canlanacağını gözləyirik. Paytaxtdan bölgələrə səfər edənlər olacaq. Qonaqlama ilə bağlı ciddi çatışmazlığın olacağını düşünmürəm. Belə bir şəraitdə qiymətlərin də kəskin artacağını düşünmürəm. Çünki bayram ərəfəsində əvvəlki illərdən fərqli olaraq kütləvi axın müşahidə olunmur. Bunun əsas səbəbi isə qeyd etdiyim kimi quru sərhədlərinin bağlı olmasıdır. Əvvəllər İrandan Azərbaycana şəxsi avtomobil və ya sərnişin avtobusları ilə kütləvi turist axını olurdu. Uçuş xətti ilə gələn turistlərin sayı isə məhdud olur. Sevindirici haldır ki, Azərbaycanın hazırda 87 ölkə ilə hava nəqliyyatı açıqdır. Ümid edirik ki, yaxın gələcəkdə yerüstü nəqliyyatın açılması fonunda daha çox turist qəbul edəcəyik”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
