“Adi ermənilərdən fərqli olaraq, erməni məmurların ailələri ərzaq və zəruri malların bahalaşmasını hiss etmir. Onlar yüksək maaşdan, korrupsiya və mükafatlardan qidalanırlar”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb:
“Göründüyü kimi, 2 milyon 992 min erməni bir planetdə, iqtisadiyyat naziri Vaan Kerobyan isə Ermənistan adlı dövlətdə deyil, başqa kainatda yaşayır. Ən azından iqtisadiyyat nazirinin Milli Assambleyanın divarları arasında jurnalistlərlə söhbətindən sonra ölkə vətəndaşlarında belə bir təəssürat yaranıb. Bu söhbət zamanı Kerobyan jurnalistləri əmin etməyə çalışıb ki, guya ermənilər əvvəlkindən daha yaxşı yaşayırlar. Jurnalistlər isə ölkədə yoxsulluğun səviyyəsinin çox yüksək olduğunu qeyd ediblər və nazirdən ermənilərin necə yaxşı yaşadığını ironiya ilə soruşublar. Kerobyan isə belə cavab verib: “Onlar yaşayırlar. Orta hesabla bir il əvvəlkindən daha yaxşı yaşayırlar”. Təbii ki, Kerobyan ikirəqəmli iqtisadi artımdan danışa bilər, amma nədənsə əhalinin əksəriyyəti bunu hiss etmir. Amma biz inflyasiyanın nəticələrini sözün əsl mənasında öz canımızda hiss edirik. Ərzaq məhsullarının bahalaşması cibimizə ağır zərbə vurur. Doğrudan da, son bir ildə demək olar ki, hər şey (un, çörək məhsulları, ət, pendir) bahalaşıb”, – erməni analitik vurğulayıb.

“Əhalinin əksəriyyətinin gəlirlərini nəzərə alsaq, ölkədə hər üçüncü sakin yoxsuldur. Onların maaşları, pensiyaları insanın gündəlik həyatına uyğun gəlmir. Kerobyan nə vaxt Statistika Komitəsinin və Dünya Bankının birgə hesabatına əsasən ölkənin ən yoxsul bölgələri sayılan Şirak və Qeqarkunik rayonlarına səfər edib? Orada əhalinin demək olar ki, yarısı yoxsulluq həddində yaşayır. Vəziyyəti Ukraynadakı müharibə və anti-Rusiya sanksiyaları daha da gərginləşdirib. Amma Ermənistanda hökumət, nazirlər, məmurlar və iqtidaryönlü deputatlar yaxşı vəziyyətdədirlər. Onlar və ailələri ərzaq və zəruri malların bahalaşmasını hiss etmirlər. Axı, yüksək maaşlarla bərabər cüzdanlarını korrupsiya və mənimsəmə yolu ilə əldə edilən pullarla doldururlar”, – deyə Arşakyan bildirib.

“Ermənistanda əhalinin demək olar ki, yarısı yoxsulluq içində yaşayır. Hakimiyyət isə dövlətin və xalqın hesabına öz həyat keyfiyyətini yaxşılaşdırmaq barədə düşünür. Ona görə də Paşinyandan tutmuş Kerobyana qədər hər kəs reallıqdan çox uzaq olan müsbət rəqəmlər səsləndirir. Əgər Kerobyan Albaniya və Bosniya və Herseqovina ilə müqayisə aparıb fəxr edirsə ki, o zaman mənə öz erməni həmvətənlərimin halına acımaq qalır”, – Arşakyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az
