Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının yeni tərkibində Ramiz Mehdiyevin yerinə iki nəfər seçilib.
KONKRET.az xəbər verir ki, YAP-ın Mətbuat xidmətindən Modern.az-a Ramiz Mehdiyevin əvvəlki tərkibdə tutduğu yer boşalandan sonra siyahıya Allahverdi Şəmistan oğlu Hacıyev və Heydər Museyib oğlu Hüseynovun adlarının daxil edildiyi bildirilib.
Həm Allahverdi Hacıyev, həm də Heydər Hüseynov YAP-ın qurulmasında yaxından iştirak etmiş “91-lər”dəndir.
Qeyd edək ki, 16 oktyabr 1992-ci ildə 91 nəfərdən ibarət qrup Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək, onu siyasi mübarizədə lider olaraq gördüklərini elan etmiş və Azərbaycanda hakimiyyət uğrunda mübarizəyə çağıran müraciət imzalamışdı. 24 oktyabr 1992-ci ildə isə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev bu müraciətə müsbət cavab vermiş və “91-lər”in təklifini qəbul etmişdi. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, 550 nəfərin iştirak etdiyi konfransda Heydər Əliyev partiya sədri seçilmişdi.
Nəhayət 18 dekabr 1992-ci ildə Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdı.
Xatırladaq ki, dünən – oktyabrın 16-da YAP İdarə Heyətinin iclasında Veteranlar Şurasının yeni tərkibi təsdiqlənib. Şuranın sədri Arif Rəhimzadə, sədr müavinləri isə Sədaqət Qəhrəmanova və Əli Həsənov olub.
***

Heydər Hüseynov hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəbr və həndəsə kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədidir.
Heydər Müseyib oğlu Hüseynov 15 iyun 1950-ci ildə Ermənistan SSR Vedi rayonu Böyük Vedi kəndində anadan olub. 1956-1966-cı illərdə Beyləqan rayonu Şahsevən kənd orta məktəbində təhsil alıb.
1971-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib.
Əmək fəaliyyətinə 1971-ci ildə Cəlilabad Rayonu Sabirabad kənd orta məktəbində fizika-riyaziyyat müəllim kimi başlayıb.
1975-1999-cu illərdə ADPU-nun dosenti olub.
1999-2015-ci illərdə Bakı idarəetmə və Texnalogiya Kollecinin direktoru işləyib.
2015-ci ildə Azərbaycan Dövlət Balıq Sənayesi Kollecinin direktoru vəzifəsini tutub.
2017-ci ildən Azərbaycan Dövlət Pedoqoji Universitetində Cəbr və həndəsə kafedrasında dosent vəzifəsində çalışır.
Ailəlidir. bir oğlu bir qızı var.
Allahverdi Hacıyev də ADPU-da işləyir, o, Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının dosentidir.
Allahverdi Şəmistan oğlu Hacıyev 1947-ci il aprelin 20-də Ermənistanın Allahverdi rayonu Zahid kəndində anadan olub. 1965-ci ildə Bakıda 53 saylı fəhlə-gənclər məktəbinin 11-ci sinfini bitirdikdən sonra 1967-1971-ci ildə ADPU-nun Filologiya fakültəsində təhsil alib. 1971-1974-cü illərdə Saatlı rayonu s.Vurğun adına orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1975-2013-cü ilə qədər ADPU-da metodist, aspirant (doktorant), nəşriyyat şöbəsinin müdiri, dosent, 1997-2001 ci illərdə Filologiya fakültəsində dekan müavini, 2001-2011 ci illərdə Məktəbəqədər fakültəsində dekan vəzifələrində çalışıb. Hazırda Azərbaycan dili və onun tədrusi texnologiyası kafedrasında Azərbaycan dili, bədii mətnin linqvistik təhlili fənlərini tədris edir.
