Onlayn kreditlər borclanmanı artırır?backend

Onlayn kreditlər borclanmanı artırır?

Son illər onlayn kredit xidmətlərinin geniş yayılması borc vəsaitlərinə çıxışı xeyli asanlaşdırıb. Müraciət və təsdiq prosesinin qısa müddətdə həyata keçirilməsi vətəndaşların bu maliyyə alətindən daha tez-tez istifadə etməsinə şərait yaradır. Sürətli kredit imkanları bəzi hallarda borclanma səviyyəsinin artmasına səbəb ola bilər. Xüsusilə maliyyə planlaması aparılmadan götürülən kreditlər ailə büdcəsinə əlavə yük yarada bilər. Onlayn kreditlərin əlçatanlığının əhalinin borclanma davranışına təsiri isə müzakirə olunan əsas məsələlərdən biri olaraq qalır.

KONKRET.az xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimli məsələ ilə bağlı demokrat.az-a açıqlamasında deyib ki, onlayn kreditlərin və ümumilikdə kreditlərin daha rahat əldə olunması borclanmanın artmasına gətirib çıxara bilər:

“Amma burada bir məqama diqqət yetirmək lazımdır. Məsələn, mətbəxdə istifadə olunan bıçaq məişət zorakılığı zamanı da istifadə oluna bilər. Bu isə o demək deyil ki, mətbəxdə bıçaq saxlamaq olmaz. Bıçağın təyinatı kartof soymaq, pomidor doğramaq, ət kəsməkdir. Onun məqsədi insanların bir-birinə qarşı istifadə etməsi deyil. Onlayn kreditlər də eyni məntiqə əsaslanır. Bu xidmət insanların maliyyə resurslarına çıxışını asanlaşdırır. Həqiqətən ehtiyacı olan, götürdüyü krediti məqsədyönlü şəkildə istifadə edən və kifayət qədər maliyyə savadlılığına malik şəxslər üçün faydalı alətdir. Prosesin sadələşdirilməsi müsbət haldır. Əvvəllər kredit götürmək üçün müxtəlif sənədlər toplamaq, növbələrdə gözləmək və xeyli vaxt sərf etmək lazım gəlirdi. İndi isə məlumatların ötürülməsi və emalı elektron şəkildə həyata keçirilir, kreditin verilib-verilməməsi qısa müddətdə müəyyənləşdirilir”.

O bildirib ki, ümumilikdə bu sistem maliyyə resurslarına çıxışı asanlaşdırır, insanların vaxt itkisini və əlavə xərclərini azaldır:

“Bununla yanaşı, kreditlərin rahat əldə olunması bəzi hallarda məsuliyyətsiz borclanmaya da səbəb ola bilər. Kredit yükünü düzgün hesablamayan və ya ehtiyac olmadan kredit götürən şəxslər sonradan maliyyə çətinlikləri ilə üzləşə bilərlər. Onlayn kreditlərin ənənəvi kreditlərdən əsas fərqi onların daha sürətli və rahat təqdim olunmasıdır. Yəni mahiyyət etibarilə dəyişən kreditin özü deyil, ona çıxış mexanizmidir. Bu baxımdan onlayn kreditlər iqtisadiyyat, maliyyə sektoru və cəmiyyət üçün faydalı və əhəmiyyətli vasitədir. Lakin mətbəxdəki bıçaqdan təyinatına uyğun istifadə etməyən insan özünə və ya başqasına zərər verə bildiyi kimi, maliyyə imkanlarından düzgün istifadə etməyən şəxs də problemlə üzləşə bilər. Bu isə artıq maliyyə savadlılığı və şəxsi məsuliyyət məsələsidir. Hər kəs öz tələbatını düzgün qiymətləndirməli, ehtiyac olmadığı halda borclanmadan çəkinməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*