Pandemiya testindən bir millət kimi niyə “pozitiv” çıxdıq? – İLGİNC DETALLARbackend

Pandemiya testindən bir millət kimi niyə "pozitiv" çıxdıq? - İLGİNC DETALLAR

Surxay Atakişiyev

İki ildir pandemiya üzündən karantin rejimində yaşayırıq. Bu iki ildə ən əziz insanlardan tutmuş bir çox mənəvi dəyərlərimizi itirdik. Hələ iqtisadi və sosial durumumuza dəyən ziyanı demirəm…

Bəli, pandemiya bizi bir çox dəyərlərdən məhrum etdi. Pandemiya həm də bizi bir millət, toplum kimi sınağa çəkdi. Və bu sınağın sonunda bəlli oldu ki, bir toplum kimi maddi itkilərə daha dözümsüz və mənsəbsevərik. Son 2 ildə o da məlum oldu ki, milli-mənəvi dəyərlər bizim üçün 99-cu dərəcəli bir zaddır. Sən demə, biz deyildiyi qədər də dəyərlərimizə sahib çıxmağa həvəsli olan və gələcək nəsilləri sələflərimizdən miras qalan gözəl ənənələr üzərində böyütmək istəyində olan toplum deyilmişik.

İnanmırsınızsa bir-iki fakt sadalayım. Belə ki, karantin rejimi ötən il xeyli yumşaldıldı. Əksər fəaliyyət sahələri öz işini bərpa etdi. Bəs hansı sahələr qapalı qaldı? Fikir verin…

Qapalı qalan sahələrin önündə teatr və mədəniyyət obyektləri gəlir. İki ildir bütün kütləvi tədbirlərin keçirildiyi mədəniyyət obyektlərinin qapısı bağlıdır. Və bu mədəniyyət obyektində çalışan insanlar da buraxılıb taleyin ümidinə.

Burdan da belə nəticə çıxır ki, Azərbaycan mədəniyyətinin mövcud durumu və gələcəyi heç bir məmurun vecinə deyil. Onlar üçün maraqlı olan biznes və digər gəlir sahələridir ki, onların da hamısı türklər demiş, “tıkır-tıkır işləyir”.

Yəni məhv olan, dağılan, boş dayanmaqdan erroziyaya uğrayan mədəniyyətimizin üzləşdiyi dəhşətli vəziyyət çox az adamı narahat edir. Onların da əlində səlahiyyət yoxdur. Əlində səlahiyyət olanlar, o cümlədən Mədəniyyət naziri Anar Kərimovun isə başı öz korporativ maraqlarına qarışıb. Teatrlar 2 ildir bağlıdır, Kinostudiya dayanıb, heç bir tamaşa hazırlanmır, heç bir kino çəkilmir. Bu acınacaqlı vəziyyət isə nə Mədəniyyət Nazirliyini, nə də digər strukturları narahat edir.

Bu, milli xəyanətdir. Bunun ikinci adı yoxdur. Çünki bütün millətlər yaratdıqları dəyərlər üzərində dayanır. Bu gün bizlərin çoxunda dəyər yaratmaq həvəsi tükənib. Daha doğrusu, səlahiyyət sahiblərinin çoxunda, o cümlədən, Anar Kərimovda o milli heysiyyatın işartısı belə yoxdur. Kosmopolit düşüncəli bu adamlar hər şeydən danışırlar, biznes marağı üçün gündə bir layihə ortaya atırlar, amma nəinki yeni dəyər yaratmır, əksinə, əsrlər boyu qazanılmış dəyərləri düşməncəsinə məhv edirlər. Halbuki tarixdə N qədər fakt var ki, xalqı və dövləti ən çətin vəziyyətdən mənəvi dəyərlər qurtarıb.

Məsələn, Çaldıran döyüşü ərəfəsində Şah İsmayıl Xətai dövlətin bütün alimlərini, şairlərini, sənət adamlarını bir qalada gizlədir. Onlara da sözü bu olur ki, “biz dövlət adamları bu gün lazımıq. Biz bu gün vuruşmalıyır. Siz isə gələcək üçün lazımsınız.Ona görə də sizi qorumaq bizim birinci vəzifəmizdir”.

Və yaxud Böyük Vətən müharibəsində almanlar gəlib Moskvanın 28 kilometrliyinə dirənmişdi. Artıq Moskvaya mərmilər atılırdı. Belə bir vəziyyətdə Stalin Moskvadakı “Balşoy teatr”ın təmiri üçün sərəncam verdi…

Belə misalları çox çəkmək olar. Deməyim odur ki, xalqı ayaqda saxlayan, gələcəyə səsləyən dəyərlər var. Və bu dəyərlərə dövlət və onun məmurları hər zaman həssaslıqla yanaşmalıdır. Ən çətin günlərdə belə milli-mənəvi dəyərlər hər şeydən üstün tutulmalıdır.

Əfsuslar olsun ki, bu gün Azərbaycanda bunun tam əksini görürük. Milli-mənəvi dəyərlər nəinki inkişaf etdirilmir, heç normal şəkildə qorunmur da. Necə ola bilir ki, teatrlar, kino zalları bağlı saxlanılır, amma həmin binalardakı kommersiya obyektləri şıdırğı işləyir? Ən pisi də odur ki, hazırkı Mədəniyyət naziri hansısa dəyər yaratmaq təşəbbüsündən çox uzaq birisidir.

Hər şeyi bir kənara qoyuram. Ona etimad edib nazir təyin edən İlham Əliyev İkinci Qarabağ müharibəsində mümkünsüzü mümkün etdi. Cəmi 44 günə 30 illik Qarabağ problemini həll etdi, ölkəmizin suverenliyinə nail oldu. O şanlı tarixdən bizi 16 ay ayırır. Çox təəssüf ki, ötən müddətdə Mədəniyyət Nazirliyinin sifarişi ilə nəinki bir kino çəkilməyib, heç bir dənə dram əsəri belə sifariş verilib yazdırılmayıb. 200 illik tarixə malik Azərbaycan teatrı bu kəhkəşanın ofsaytında qaldı. Daha doğrusu, məqsədli şəkildə ofsayta salınıb… Bu, milli faciədir.

Karantin dövründə qapıları birdəfəlik bağlanan sahələrdən biri də kitabxanalardır. Axı kitabxana nə qədər qələbəlik yerdir ki, orada böyük yoluxma təhlükəsi ola? Azərbaycandakı bütün kitabxanalara ən pik giriş dövrlərini götürsən, Sədərək, Binə, Gənclik, 28 Mall və digər ticarət mərkəzlərinə bir saata daxil olanların sayından dəfələrlə azdır. Bəs onda niyə ticarət mərkəzləri, basabas nəqliyyat sistemi yoluxma mənbəyi olmur, amma kitabxana virusyayıcı obyekt kimi gözə soxulur?

Burada iki məqsəd var:

Birincisi, kommersiya marağı. Bütün ticarət mərkəzləri, nəqliyyat şəbəkəsi ayrı-ayrı məmurlara məxsusdur. Onların “prostoy” yazması qətiyyən məmurlarımızı qane edə bilməz. Amma kitabxanadan nə gəlir var ki?! Lap 10 il bağlı qalsın. Heç bir məmurun kommersiya marağına iynə ucu boyda zərəri belə yoxdur.

İkinci məqsəd isə çox qorxuludur. Kitabxanaya ancaq savadlanmaq üçün gedilir. Çox təəssüf ki, bizim cəmiyyətə savadlı adamlardan çox qorxurlar. Ona görə də kitabxanalar məqsədli şəkildə bağlı saxlanılır. Məqsədli şəkildə çalışılır ki, hamı alverçi olsun. Özü də savadlı biznesmen deyil, məhz küçə alverçisi…

Uzun sözün qısası, pandemiya iqtisadi-siyasi layihə olmaqla yanaşı, həm də mənəvi-psixoloji bir testdir. Millətləri və xalqları qısa zamanda və ətraflı şəkildə öyrənməyin bundan yaxşı yolu ola bilməzdi. Çox təəssüf ki, bu testdən bir millət kimi “pozitiv” çıxdıq.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*