Azərbaycanda işini itirən şəxslərin kreditlərinin sığortalanması ilə bağlı yeni mexanizm hazırlanır. Bu təşəbbüs cəmiyyətdə müxtəlif suallar yaradıb. Bəziləri hesab edir ki, bunun yükü dolayısı ilə digər vətəndaşların üzərinə düşəcək.
Bəs əslində bu sistem necə işləyəcək və kim ödəniş edəcək? Doğrudanmı işləməyənlərin kreditini işləyənlər ödəyəcək, yoxsa bu sığorta sistemi tam fərqli prinsiplə fəaliyyət göstərəcək? Bu mexanizm kreditlərin faizinə və ya ümumi xərcinə təsir göstərə bilərmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, Azərbaycanda kredit götürən şəxslərin işini itirməsi riskinə qarşı sığortalanması ilə bağlı təklif, ümumilikdə, müsbət qiymətləndirilə bilər:
“Belə bir mexanizm tətbiq olunarsa, vətəndaş işini itirdiyi halda müəyyən müddət ərzində kredit ödənişləri sığorta hesabına qarşılanacaq. Bu da həm borcalanın maliyyə yükünü azaldacaq, həm də bankların kredit risklərini aşağı salacaq. Dünya təcrübəsində bu sahədə müxtəlif modellər mövcuddur. Bəzi ölkələrdə sığorta haqqını tamamilə borcalan ödəyir, bəzilərində bank bu xərci öz üzərinə götürür, digər hallarda isə ödəniş bank və borcalan arasında bölüşdürülür. Əsas məqsəd gözlənilməz hallarda kredit ödənişlərinin davamlılığını təmin etməkdir”.
İqtisadçının sözlərinə görə, əgər belə bir sığorta məcburi tətbiq edilərsə, təbii ki, kredit götürən şəxslər əlavə ödəniş etməli olacaqlar:
“Bu isə müəyyən mənada onların maliyyə yükünü artıracaq. Xüsusilə də nəzərə alsaq ki, Azərbaycanda kredit faizləri onsuz da yüksəkdir, əlavə sığorta haqqı bəzi vətəndaşlar üçün çətinlik yarada bilər. Bununla belə, vacib məqamlardan biri şəffaflığın təmin edilməsidir. Bank kredit faizini və sığorta haqqını ayrı-ayrılıqda göstərməli, müştəriyə hansı məbləğin kreditə, hansının isə sığortaya aid olduğunu aydın şəkildə izah etməlidir. Bu ödəniş kredit faizinin tərkib hissəsi deyil, ayrıca sığorta xidmətinin haqqıdır”.
E.Qəriblinin fikrincə, bu mexanizm düzgün hazırlanıb tətbiq olunarsa, həm bank sektoru, həm də vətəndaşlar üçün faydalı ola bilər:
“İşini itirən şəxsin kredit öhdəliyinin müəyyən müddət ərzində sığorta tərəfindən qarşılanması maliyyə sabitliyinin qorunmasına kömək edər. Görünür ki, bu təşəbbüsün gündəmə gətirilməsi də belə halların kifayət qədər geniş yayılması ilə əlaqədardır və onların yaratdığı problemlərin qarşısını almağa yönəlib. Əgər bu model beynəlxalq təcrübədə uğurla tətbiq olunursa, Azərbaycanın da onu öz qanunvericiliyinə və bazar şəraitinə uyğunlaşdıraraq tətbiq etməsi məqsədəuyğun olar”.
