Cəmiyyətdə vaxtaşırı deputatlar üçün yaş məhdudiyyətinin tətbiqi məsələsi müzakirə olunur. Bəziləri hesab edir ki, parlamentdə daha çox gənc və enerjili insanların təmsil olunması qanunvericilik fəaliyyətinə müsbət təsir göstərəcək. Digərləri isə siyasi təcrübənin və dövlət idarəçiliyi sahəsində formalaşmış biliklərin yaş amilindən daha vacib olduğunu vurğulayırlar.
Bəs Milli Məclis üzvləri üçün yaş həddi müəyyənləşdirilməlidirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı deputatlar üçün yaş məhdudiyyətinin tətbiqinə müsbət yanaşmadığını bildirib.

Onun sözlərinə görə, yaş məhdudiyyəti məsələsi Azərbaycanda daha əvvəl də gündəmə gəlib və müəyyən vəzifələr üçün tətbiq edilib:
“Vaxtilə Azərbaycanda prezident seçkilərində iştirak üçün yaş məhdudiyyəti mövcud idi, lakin sonradan bu tələb ləğv edildi. Dünyanın bir çox ölkələrində də deputatlar üçün yuxarı yaş həddi nəzərdə tutulmur. Çünki burada məsələ yalnız bioloji yaşla ölçülməməlidir”.
Tural Abbaslı qeyd edib ki, gənc insanların enerjisi və fəallığı üstünlük sayılsa da, yaşlı siyasətçilərin təcrübəsi də dövlət idarəçiliyində mühüm rol oynayır:
“Əlbəttə, daha gənc və enerjili insanların aktivliyi yaşlı insanlarla müqayisədə daha yüksək ola bilər. Amma yaşlı insanların siyasi həyat təcrübəsi, dövlət idarəçiliyi sahəsində qazandıqları bilik və bacarıqlar da son dərəcə önəmlidir. Parlamentdə elə gənclər var ki, yaşı 30-u yeni keçib, amma düşüncə və fəaliyyət baxımından passivdir. Eyni zamanda elə insanlar var ki, bioloji baxımdan yaşlı olsalar da, enerji və məhsuldarlıq baxımından kifayət qədər səmərəlidirlər”.
Partiya sədri hesab edir ki, deputatların fəaliyyətinə qiymət verilərkən əsas meyar yaş deyil, onların faydalılığı və fəaliyyət göstəriciləri olmalıdır:
“Hər bir şəxsə fərdi yanaşmaq, onun verimlilik əmsalına baxmaq lazımdır. Yaşa görə məhdudiyyət qoyulması düzgün yanaşma deyil. Bununla yanaşı, müasir texnologiyalara açıq olmaq, yenilikləri izləmək də vacibdir. Parlamentdə həm gənclərin enerjisinə, həm də təcrübəli insanların bilik və təcrübəsinə ehtiyac var”.
Beləliklə, Tural Abbaslının fikrincə, Milli Məclis üzvləri üçün yaş məhdudiyyətinin tətbiqi məqsədəuyğun deyil və əsas diqqət deputatların fəaliyyətinin effektivliyinə yönəldilməlidir.
Aynurə İsmayıl
KONKRET.az
