Baş nazir Nikol Paşinyan İrəvan şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Mənbə yazır ki, görüşdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Belarus Respublikasının Xarici İşlər Naziri Vladimir Makey, Qazaxıstan Respublikasının Xarici İşlər Naziri Muxtar Tleuberdi, Qırğız Respublikasının Xarici İşlər Naziri Jeenbek Kulubayev, Tacikistan Respublikasının Xarici İşlər Naziri Sirojiddin Muxriddin və KTMT-nin baş katibi Stanislav Zas iştirak ediblər.
KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə Ermənistanın baş naziri regiondakı mövcud vəziyyət barədə danışıb, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın fəaliyyətinə, sərhədlərin və regional kommunikasiyaların açılmasına, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin, girovların və digər mülki şəxslərin qaytarılmasına toxunub.
Bu kontekstdə Nikol Paşinyan beynəlxalq ictimaiyyətin dəstəyinin vacibliyini vurğulayıb.
Baş nazir qeyd edib ki, Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır və açılmalı olan bütün yollar keçdiyi ölkələrin suverenliyi altında fəaliyyət göstərəcək. “Dəhliz” məntiqi ola bilməz və bu, ümumi anlayışdır. Qarabağ münaqişəsinin həlli kontekstində Nikol Paşinyan Qarabağın statusunu əsas məsələ adlandırıb, münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh yolu ilə həll edilməli olduğunu vurğulayıb.
Baş nazir qeyd edib ki, Azərbaycan qoşunlarının 2021-ci ilin mayından Ermənistanın suveren ərazisinə daxil olması (həmin ərazilər Azərbaycanın öz torpağıdır) məsələsi açıq qalır və bununla bağlı Ermənistan KTMT-yə müraciət edib:
“Bu kontekstdə KTMT-nin monitorinqi və operativ reaksiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb ki, bu da üzv ölkələrin təhlükəsizlik çağırışlarının həllində Təşkilatın fəaliyyətinin səmərəliliyini artıracaq”.
Roman Göytürk,
KONKRET.az
