Ermənistan hökumətinin Fransa Prezidenti Emmanuel Makronun mayın 5-də Gümrüyə gözlənilən səfəri ilə bağlı böyük məbləğdə vəsait ayırması ölkədə müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, Erməni mediasında yayılan məlumatlara görə, Nazirlər Kabineti Gümrüdə bir günlük tədbirin təşkili üçün təxminən 400 milyon dram ayırır.
Rəsmi izahda bu vəsaitin Fransa-Ermənistan dostluğu və yüksək səviyyəli səfərlə bağlı tədbirlərə yönəldildiyi bildirilir.
Lakin Ermənistanın müxalif dairələri bu qərarı kəskin tənqid edirlər. Onların fikrincə, Baş nazir Nikol Paşinyan Makronun səfərindən daxili siyasi məqsədlər üçün istifadə etməyə çalışır.
Tənqidçilər hesab edirlər ki, Gümrünün seçilməsi təsadüfi deyil. Onların iddiasına görə, Paşinyan son vaxtlar bölgələrdə ictimai narazılıqla üzləşdiyi üçün Gümrüdə kütləvi dəstək görüntüsü yaratmağa çalışır.
Müxalif mövqedə olan şərhçilər bildirirlər ki, hökumət yüz milyonlarla dram büdcə vəsaitini xərcləməklə Paşinyanın zəifləyən reytinqini kompensasiya etməyə cəhd edir.
Bəzi erməni siyasi dairələri isə Makronun səfərinin Paşinyan tərəfindən “siyasi dekorasiya” kimi istifadə olunduğunu iddia edirlər. Onların fikrincə, bu, artıq diplomatik tədbirdən çox, hakimiyyətin daxili siyasi dayaqlarını qorumaq cəhdi kimi görünür.
Məsələ Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında gərginlik fonunda da diqqət çəkir. Müxalifət Paşinyanı dövlət resurslarını israf etməkdə və milli institutlarla qarşıdurmanı dərinləşdirməkdə ittiham edir.
Rəsmi İrəvan isə Fransa Prezidentinin səfərini iki ölkə arasında münasibətlərin yeni mərhələsi kimi təqdim edir.
Qeyd edək ki, Emmanuel Makronun Ermənistana səfəri çərçivəsində tərəflər arasında strateji tərəfdaşlıq sənədinin imzalanacağı gözlənilir.
Günel Mikayılova,
KONKRET.az
