Ermənistanda ara qarışıb. Heç kim heç kimin əizəsin oxumur. Hadisələr nə qədər gərgin və xaotik olsa da, bizim üçün tanış mənzərədir. Çünki bu prosesləri 28 il bundan əvvəl yaşamışıq. Müstəqilliyin ilk illərində hakimiyyətə gələn (o zaman, rəngli inqilablar ifadəsi yox idi) AXC-Musavat cütlüyü ölkəni dərin iqtisadi-siyasi və hərbi uçuruma sürüklədi.
Ölkədəki iqtisadi çöküş azmış kimi birinci Qarabağ savaşında ağır məğlubiyyət Azərbaycanı dilemma qarşısında qoymuşdu. Ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Eynən indiki Ermənistandakı kimi. O zaman prezident Elçibəyin və digər rəsmi şəxslərin qonşu dövlərlə bağlı etdikləri məsuliyyətsiz bəyanatlar ölkəni beynəlxalq aləmdən təcrid etmişdi.
Bütün qonşularımız bizə düşmən kimi baxırdı. İndi də Nikol Paşinyanın söylədiyi bəzi məsuliyyətsiz fikirləri Ermənistanı əsas müttəfiqlərindən uzaq salıb. Və bu azmış kimi Ermənistanda da “Surət Hüseynov sindromu” ortaya çıxdı. 1993-cü ildə Azərbaycanda Surət Hüseynov faktoru hərbi müxalifət kimi peyda oldu. İndi isə Ermənistanda Onik Qasparyan hərbi müxalifəti yaranıb. Qəribədir ki, onların hakimiyyətlə danışıq tərzləri də bir-birini təkrarlayır. O zaman Surət Hüseynov AXC-Musavat hakimiyyətinə son xəbərdarlığında demişdi ki: “Üç günə istefaya getməsəniz, gəlib hamınızı Azadlıq meydanında asacam”.
Bu gün Qasparyansa deyir ki, “Gəlib, sənin bığlarını kəsərəm!”
Mənzərə nə qədər oxşardır, İlahi! Amma İrəvandakı proseslərdə bir fərqlilik var. Nikol Paşinyan AXC-Musavat iqtidarından daha qətiyyətlidir. Və heç də qaçmaq, meydanı kimlərəsə vermək fikri yoxdur. Hiss olunur ki, Nikol sona qədər mübarizə aparacaq. Və burda Paşinyanın bir üstünlüyünü də deyim ki, o xalqla işləməyi bilir. Tam bürokratlaşmayıb. Və mübarizəsini inzibati yolla deyil, xalq diplomatiyası ilə aparır. Martın 1-də Paşinyan mitinq keçirir. Və mitinqin moderatoru da özü olacaq.
Ümumilkdə, Ermənistanda iqtisadi-siyasi və hərbi vəziyyət nə qədər böhranlı olsa da, hakimiyyət dəyişikliyi gözlənilmir. Bunun da bir sıra səbəbləri var.
Birincisi, hakimiyyət dəyişikliyini (və yaxud inqilabı) zəruru edən vacib şərtlərin heç biri Ermənistanda yoxdur. Yəni xalq idarəetmədən o qədər də narazı deyil. Ümumiyyətlə, İrəvanda baş verən proseslərdə xalq faktoru yoxdur. Hakimiyyətdə olanlarla hakimiyyətdə olmuşlar arasında mübarizə gedir. Və bəzən görünür ki, rəqiblərinin güclü görünməsinə Paşinyan özü şərait yaradar. Bilərəkdən və yaxud bilməyərəkdən.
İkincisi, Nikol hakimiyyətdə qalmaqda israrlıdır. Onun hakimiyyətdə qalmaq qətiyyəti isə tərəfdarlarına güc verir. Doğrudur, müharibədən həmən sonra “Mənim addımım” fraksiyasından müəyyən qopmalar oldu. Amma son vaxtlar Paşinyanın tərəfdarları arasında elə bir ciddi fikir ayrılığı yoxdur.
Üçüncüsü, Ermənistan parlament respublikasıdır. Qazanlar parlamentdə qaynayır. Parlamentin 86 deputatı isə Nikolun “Mənim addımım” fraksiyasının üzvləridir. Bu isə ümumi deputatların 70 faizinə qədərdir. Məhz bu üstünlüyə görə Paşinyan parlamentə arxayındır və ürəkli danışır. Çünki Ermənistan qanunvericiliyinə görə hakimiyyət dəyişikliyi iki halda baş verə bilər. Ya baş nazir özü öz istəyi ilə vəzifəsindən getməlidir. Ya da ki, parlament hökumətə etimadsızlıq göstərməlidir. İndiki vəziyyətdə bu iki variantın heç biri keçərli deyil.
- Hələ onu demirəm ki, parlament yolu ilə hakimiyyətin dəyişdirilməsi prosesinin özü çox qəlizdir. Belə ki, Ermənistan Konstitusiyasına görə, parlament istənilən zaman hökumətin istefasını qoya bilər. Amma bunun üçün gərək deputatların 51 faizi bu qərarı dəstəkləyə. İndiki halda erməni müxalifətinin parlamentdə nəinki 51 faiz heç 40 faiz dəstəkçisi yoxdur. Məsələnin ən qəliz tərəfi isə odur ki, parlament çoxluğu hökumətə etimadsızlıq göstərsə, onda parlament özünü buraxmalıdır. Və ən tezi 3 ay müddətində parlament seçkiləri keçirilə bilər. Bu üç aylıq müddətdə isə hökuməti yenə də əvvəlki heyət təmsil etməlidir. Hələ onu demirəm ki, 86 deputatın heç biri mandatını itirmək istəmir. Çünki onu yenidən qazanacağına qəti ümidləri yoxdur.
Dördüncüsü və ən başlıcası, Ermənistanda hərbi vəziyyətdir. Bu vəziyyətdə isə seçkilərin keçirililməsi qanunla qadağandır. Yeni seçkilərin keçirilməsi yalnız hərbi vəziyyət ləğv olunandan sonra baş tura bilər. Hərbi vəziyyətin ləğvi isə yenə ölkə parlamentindən keçir.
Göründüyü kimi, hazırda Ermənistanda bütün iplər Nikol Paşinyanın əlinədədir. O istəsə ölkədəki hərbi vəziyyəti əsas tutaraq mitinqləri inzibati yolla dağıda bilər, təşkilatçıları həbsə atdırar. Amma Nikol bunu istəmir. Çünki liberaldır. Hadisələrə digərlərindən fərqli olaraq daha sağlam baxa bilir. Öz millətinin qanını axıtmaq istəmir. Və əminliklə deyə bilərəm ki, Nikol Paşinyan son 30 ildə Ermənistan hakimiyyətintə təmsil olunan ən demokratik və vətənsevər liderdir.
Təbii ki, Ermənistanda hakimiyyət güc yolu ilə də dəyişdirilə bilər. Və Onik Qasparyanın və onun silahdaşlarının mövqeyi erməni müxalifətini xeyli iştahlandırıb. Amma Qasparyan da müstəqil deyil. Onu da kimlərsə qızışdırıb ortaya salıb. Yaxın günlərdə o gücün kim olduğu bilinəcək. Ehtimallar bunun Rusiya olduğunu göstərir. Amma bu, o qədər də inandırıcı deyil. Zatən Paşinyanın da, Ermənistanın da ipi Rusiyanın əlindədir. Ermənistanın cilovunu əlində toplayan Moskva necə, Nikol Paşinyanın getməsini istəyirmi? Bu barədə növbəti yazımızda.
KONKRET.az