Pedaqoji univeristetin professoru dünyasını dəyişdi – FOTObackend

Pedaqoji univeristetin professoru dünyasını dəyişdi - FOTO

Azərbaycan Dövlət Pedaqoji Univeristetinin müəllimi, Azərbaycan dilçiliyi kafedrasının professoru Nəbi Əsgərov dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, Nəbi Ələsgər oğlu Əsgərov 1956-cı il yanvar ayının 24-də Gürcüstanın Borçalı mahalının Gorarxı (Təzəkənd) kəndində müəllim ailəsində anadan olub.

1982-ci ildə Azərbaycan dili ixtisası üzrə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olub, 1986-cı ildə “Azərbaycan dilində hidronimlər” mövzusunda müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

1984- 1991-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda pedaqoji və istehsalat təcrübə rəhbəri vəzifəsində fəaliyyətini davam etdirib. 1991-ci ildən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim, baş müəllim, dosent vəzifəsində çalışıb.

1999-cu ildə Respublikamızda ilk dəfə keçirilən bələdiyyə seçkilərində iştirak edib, Xətai rayon Xətai bələdiyyəsinin sədri seçilib. 2008-ci ildə “Areal türk onomastik vahidlərinin linqvistik xüsusiyyətləri” mövzusundə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi adı alıb. 2010-cu ildən Azərbaycan dilçiliyi kafedrasının professorudur. Qədim türk yazılı abidələrinin dili, Azərbaycan dilinin tarixi, Azərbaycan onomalogiyasının əsasları fənlərindən mühazirə oxuyur, seminar məşğələləri aparıb. O, universitetin ictimai işlərində yaxından iştirak edib, ADPU-nun filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən metodbirləşmənin və filologiya fakültəsi Elmi Şurasının üzvüdür.

Nəbi Əsgərov 150-dən artıq elmi məqalənin, “Azərbaycan dilində hidronimlər” (2002), “Xətai rayonu: mənəvi dünyası, keçmişi, bu günü” (2003), “Areal türk onomastik vahidlərinin linqvidibstik xüsusiyyətləri” (2005), “Azərbaycanın makrotoponimləri” (2009), “Adın tarixi, tarixin adi – Paleotoponimlər” (2010), “Azərbaycan hidronimlərinin semantik xüsusiyyətləri” (2011), “Azərbaycan çay adlarının tarixi-linqvistik təhlili” (2013) monoqrafiya və dərs vəsaitlərinin, Onomalogiya ixtisası üzrə magistr 2, bakalavr pilləsi üzrə 5 proqramın və 2 metodik vəsaitin, xaricdə dərc olunmuş bir neçə elmi məqalənin müəllifidir.

O, bir neçə elmlər namizədinə, 1 elmlər doktoruna opponentlik etmiş, onlarla namizədlik və doktorluq dissertasiyalarının avtoreferatlarına rəy vermiş, xeyli dilçilik əsərinin redaktoru və rəyçisi olmuş, onun rəhbərliyi ilə 30-dan artıq magistr müvəffəqiyyətlə dissertasiya müdafiə etmişdir. Təhsil Nazirliyinin fəxri fərmanına və Qızıl Qələm mükafatına layiq görülüb.

Üç övladı var.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*