Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin nəzdində yeni “Filoloji linqvistika” mərkəzinin açılışı olub.
KONKRET.az xəbər verir ki, mərkəz universitetin filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın təşəbbüsü ilə açılıb. Açılışda universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbirin əvvəlində iştirakçılara fakültənin il ərzində gördüyü işlərdən ibarət slayd nümayiş olunub. Açılış günü həmçinin bir sıra təqdimatlar – ADPU-nun 100 illiyi münasibətilə filologiya fakültəsinin hazırladığı “Filologiya bu gün” adlı kitab, fakültənin ədəbi orqanı olan “Filoloq” qəzeti, AAK-ın tövsiyə edilən nəşrləri siyahısına daxil olan “Linqvistika problemləri” adlı beynəlxalq elmi jurnalın elektron versiyası və professor Mahirə Nağıqızının “Onun daş yuxusu” adlı şeirlər kitabının təqdimatı baş tutub.
Filologiya fakültəsinin dekanı Mahirə Hüseynova mərkəz barədə məlumat verərək bildirib ki, filoloji mərkəzin açılışında məqsəd fakültədə keçiriləcək tədbirləri, seminar dərslərini, diskussiyaları, disputların, mühazirələrin tələbələrlə qarşılıqlı təşkilini həyata keçirməkdir. Dekan onu da qeyd edib ki, mərkəz müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına da xidmət edəcək. Eyni zamanda mərkəzdə müəllim və tələbə heyəti üçün zəruri təlim və seminarların həyata keçirilməsi də təmin olunacaq.
Sonra universitetin rektoru Cəfər Cəfərov vurğulayıb ki, filologiya fakültəsi növbəti dəfə tədbirlərin keçirilməsinə orijinal yanaşması ilə seçilib. “Bu gün fakültənin təşəbbüsü ilə keçirilən qəzet və dərgilərin təqdimatı da təqdirəlayiqdir. Vurğulayım ki, “Linqvistika problemləri” jurnalı universitetin nüfuzunun daha da artmasına xidmət edəcək. Əminəm ki, jurnalda hümanitar sahə üzrə elmi araşdırmalar, bir-birindən dəyərli yazılar yer alacaq. Filologiya fakültəsində az zaman ərzində görülən işlər bizi sevindirir. Bütün bunlara – tarixi ənənələri yaşatdıqlarına və davam etdirdiklərinə görə başda fakültə dekanı Mahirə Hüseynova olmaqla kollektivə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, ADPU 100 illik yubileyini keçirməyi planlaşdırır. Bu işdə hər birinizi fəal olmağa çağırıram”.
Sonda təhsildə göstərdikləri səmərəli fəaliyyət, həmçinin yüksək göstəricilərinə görə fərqlənən tələbələr təşəkkürnamə ilə təltif ediliblər.
