ABŞ-da bir nəfər əcnəbi Amerikaya nifrət etdiyini qışqıraraq avtomobillə Pentaqona soxulub və mühafizəçiləri əzməyə cəhd edib
KONKRET.az xəbər verir ki, həmin şəxs hadisə yerində saxlanılıb.
Federal məhkəmə sənədlərinə görə, hadisə ötən həftə, oktyabrın 27-də baş verib. Hücum edən Efiopiyadan olan 36 yaşlı Tamirat Ehualavork olub. O, Pentaqonun yaxınlığındakı nəzarət-buraxılış məntəqəsini keçərək sürəti artırmağa başlayıb. Zabitlərdən biri onun diqqətini çəkəndə dərhal asayiş keşikçisinin üstünə keçmək istəyib, lakin buna nail ola bilməyib. Mühafizəçilər onun avtomobilinin qarşısını ala biliblər.
Həbsi zamanı Ehualavork Amerikaya nifrət etdiyini və insanları öldürməyə çalışdığını deyib. Hazırda o, həbsdədir. Ehualavork avtomobildən silah kimi istifadə etməkdə və federal polisə müqavimət göstərməkdə ittiham olunur.
Günel Mikayılova,
KONKRET.az
