İran Prezidenti Məsud Pezeşkian və Pakistan Quru Qoşunlarının komandanı Asim Münir ABŞ-ın İrana münasibətini dəyişməsinin vacibliyini, İslamabad Sazişi üzrə hüquqi öhdəliklərə əməl olunmasını və sionist rejimin planlarının təsirsizləşdirilməsində İslam ölkələri arasında həmrəyliyin əsas rol oynadığını vurğulayıblar.
KONKRET.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Pakistan Quru Qoşunlarının komandanı Asim Münirlə görüşündə Pakistan hökumətinin regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində atdığı konstruktiv və vasitəçilik addımlarını yüksək qiymətləndirib. O, ortaq iradə və əməkdaşlıq davam edəcəyi təqdirdə İslamabad Sazişində nəzərdə tutulan məqsədlərin həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
Prezident qeyd edib ki, ABŞ İran İslam Respublikası ilə münasibətlərində beynəlxalq hüquq normaları və İranın qanuni hüquqları çərçivəsində öz öhdəliklərinə əməl etməlidir.
Pezeşkian deyib:
“ABŞ İranla münasibətlərdə istifadə etdiyi dili və yanaşmanı dəyişməlidir. Çünki təzyiq və güc nümayişi yalnız vəziyyəti daha da mürəkkəbləşdirəcək”.
O, çıxışında İran xalqının birlik və həmrəyliyinin ölkənin əsas gücü olduğunu vurğulayaraq bildirib:
“Xalqımız məhz bu həmrəyliyə arxalanaraq bütün təzyiq və təhdidlərin öhdəsindən gələcək.”
Prezident əlavə edib ki, ölkə daxilində regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində birlik və koordinasiya mövcuddur. O, Pakistanın diplomatik səyləri sayəsində regionun və İslam dünyasının daha böyük inkişaf, nüfuz və uğurlar qazanacağına ümid etdiyini bildirib.
Görüş zamanı Pakistan Quru Qoşunlarının komandanı Asim Münir də regionda sabitliyin təmin olunması istiqamətində Prezident Pezeşkianın səylərini yüksək qiymətləndirib və deyib:
“Ortaq məqsədlərə nail olmaq və hərtərəfli razılaşma əldə etmək üçün diplomatik proseslər son dərəcə diqqətlə və məsuliyyətlə aparılmalıdır.”
Asim Münir İran və Pakistan arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək vurğulayıb ki, iki ölkəni birləşdirən dərin tarixi, dini və mədəni bağlar mövcud mürəkkəb şəraitin aradan qaldırılması və daha parlaq gələcəyin qurulması üçün mühüm kapitaldır.
Ağagül Mürsəlov,
KONKRET.az
