2026-cı il YKS (Ali Təhsil Müəssisələrinə Qəbul İmtahanı) nəticələrinin açıqlanmasından sonra ixtisas seçiminə hazırlaşan abituriyentlərin diqqət mərkəzində “gələcəyin peşələri” hesab olunan kibertəhlükəsizlik, süni intellekt mühəndisliyi, böyük verilərin analitikası və rəqəmsal oyun texnologiyaları kimi sahələr dayanır.
KONKRET.az xəbər verir ki, Türkiyədə keçirilən son imtahanda uğur qazanan namizədlər 29 iyuldan etibarən ixtisas seçimlərinə başlayacaqlar. Son illərdə texnologiyanın və rəqəmsallaşmanın sürətli inkişafı peşə seçimlərinə də ciddi təsir göstərir. Əmək bazarındakı dəyişikliklər universitet proqramlarının yenilənməsinə səbəb olur və yeni ixtisaslar geniş iş imkanları ilə gənclərin marağını cəlb edir.
Türkiyənin Ali Təhsil Şurası (YÖK) son üç ildə süni intellekt və informasiya texnologiyaları sahəsində 81 yeni proqramın açıldığını bildirib. Bu isə gələcəyin peşələrinə marağın əhəmiyyətli dərəcədə artdığını göstərir. Bundan əlavə, bu il qəbul bələdçisinə tarix və süni intellekt, fəlsəfə və süni intellekt, biotexnologiya və genetika, rəqəmsal oyun texnologiyaları, mobil təhlükəsizlik texnologiyaları da daxil olmaqla 16 yeni proqram əlavə edilib.
Süni intellekt milyonlarla yeni iş yeri yaradacaq
Süni İntellekt Siyasətləri Dərnəyinin (AIPA) sədri Zafer Kiçükşabanoğlu bildirib ki, bu gün təkcə texnologiya deyil, peşələr, iqtisadiyyat və cəmiyyət də dəyişir. Onun sözlərinə görə, süni intellekt bəzi rutin işləri avtomatlaşdırsa da, əvvəllər mövcud olmayan tamamilə yeni peşələr yaradır.
O qeyd edib ki, qarşıdakı illərdə süni intellekt və rəqəmsal transformasiya dünyada milyonlarla yeni məşğulluq imkanı yaradacaq. Əsas məsələ artıq “Süni intellekt işimizi əlimizdən alacaqmı?” deyil, “Kim süni intellektlə birlikdə işləyə biləcək bacarıqlara sahib olacaq?” sualıdır.
“Hansı ixtisası seçsəniz də, süni intellekti öyrənin”
Zafer Kiçükşabanoğlu universitetə hazırlaşan gənclərə müraciət edərək bildirib:
Hüquq, tibb, psixologiya, biznes, kommunikasiya və ya beynəlxalq münasibətlər – hansı sahəni seçməyinizdən asılı olmayaraq, süni intellekt sahəsində biliklərinizi inkişaf etdirin.
Gələcəkdə yalnız süni intellekt mühəndisləri deyil, bu texnologiyadan istifadə edə bilən həkimlər, hüquqşünaslar, müəllimlər, jurnalistlər, diplomatlar, maliyyə mütəxəssisləri və dövlət idarəçiləri də üstünlük qazanacaqlar.
Artıq demək olar ki, hər peşənin süni intellektlə bağlı yeni versiyası formalaşır.
Fənlərarası ixtisaslara tələbat artacaq
Ekspert hesab edir ki, yaxın illərdə klassik süni intellekt mühəndisliyi ilə yanaşı, müxtəlif sahələri birləşdirən ixtisaslara daha çox ehtiyac yaranacaq.
Süni intellektin kosmik texnologiyalar, iqlim dəyişikliyi və əmək bazarı ilə əlaqəsinin genişlənməsi səbəbindən sosioloqlara, psixoloqlara, davranış elmləri üzrə mütəxəssislərə, hüquqşünaslara, siyasi ekspertlərə və dövlət idarəçiliyi sahəsində çalışanlara tələbat artacaq.
Yeni dövrdə şirkətlər yalnız universitet diplomuna deyil, namizədin hazırladığı layihələrə, süni intellektdən istifadə bacarığına, xarici dil biliklərinə və dəyişikliklərə uyğunlaşma qabiliyyətinə də üstünlük verəcəklər.
Mütəxəssisin fikrincə, gələcəyin ən perspektivli istiqamətləri bunlardır:
Süni intellekt və maşın öyrənməsi;
Kibertəhlükəsizlik;
Robot texnikası və avtonom sistemlər;
Verilənlər elmi və böyük verilərin analitikası;
Süni intellekt dəstəkli proqram təminatının hazırlanması;
Bulud texnologiyaları;
Səhiyyə texnologiyaları;
Müdafiə sənayesi texnologiyaları;
FinTex həlləri;
Ağıllı istehsal sistemləri.
Ekspert vurğulayıb ki, abituriyentlər ixtisas seçərkən yalnız ixtisasın adına deyil, onun gələcək inkişaf potensialına və əmək bazarındakı perspektivlərinə diqqət yetirməlidirlər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
