Erməni hərbçi bacı-qardaş Qagik və Alisa Melkonyan müxtəlif illərdə Azərbaycan Ordusu ilə döyüşlərdə zərərsizləşdirilib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Qagik 2016-cı ilin Aprel döyüşlərində, bacısı Alisa isə 6 il sonra – 2022-ci ilin sentyabr döyüşlərində öldürülüb.
Alisa Melkonyan 1 fevral 1981-ci ildə Göyçə mahalının Qaranlıq rayonunun Zolağac kəndində anadan olub. Hazırda kənd Ermənistanın Geğarkunik vilayətinin Martuni icmasında Zolakar adlanır.
Ailədə üç övlad – Qagik, Alisa və kiçik qardaşları Samvel olub. Anaları Qagikin ölümündən təxminən iki ay əvvəl insultdan vəfat edib.
1982-ci il təvəllüdlü Qagik Melkonyan müqaviləli hərbçi, gizir və snayper olub. O, 2016-cı ilin Aprel döyüşləri zamanı Talış istiqamətində döyüşüb. Onun olduğu qrupda 18 nəfər olub. Qagik digər hərbçilərin geri çəkilməsini təmin etmək üçün mövqedə qalıb.
Qagik 2016-cı ilin aprelində Talış istiqamətində məhv edilib. Onun cəsədi aprelin 7-də Zolağacda anasının yanında basdırılıb. Ölümündən sonra məhv olmuş separatçı Qarabağ rejimi tərəfindən “İgidliyə görə” medalı ilə təltif edilib.
Qardaşının ölümü Alisa Melkonyanın həyatını dəyişib. Kiçik qardaşları Samvelin sonradan danışdığına görə, Alisa Qagikin məzarı başında onun hərbi yolunu davam etdirəcəyinə söz verib. Daha sonra Ermənistan Müdafiə Nazirliyinə müraciət edərək hərbi xidmətə qəbul olunub və xüsusi olaraq qardaşının xidmət etdiyi Ömər aşırımı istiqamətinə göndərilməsini istəyib.
Alisa Vazgen Sarkisyan adına Hərbi Akademiyada təhsil alıb və qardaşının xidmət etdiyi ərazidə xidmət edib. O da snayper olub.
Daha sonra Alisa qardaşının ölümündən sonra Ömər aşırımı istiqamətində hərbi xidmətə başlayıb. Qagikin keçmiş döyüş yoldaşları Alisaya qardaşının xidmət etdiyi mövqeləri göstəriblər.
Alisa 2020-ci ildə 44 günlük müharibədə Ermənistan ordusunun tərkibində döyüşüb. O, əsasən Ömər aşırımı istiqamətində olub və döyüşlər zamanı ağır yaralanıb. O 17 oktyabr 2020-ci ildə döyüşlər zamanı ayaq və bel nahiyələrindən yara alıb. Müalicə olunduqdan sonra isə yenidən hərbi xidmətə qayıdıb.
2020-ci il müharibəsindən sonra Alisa Basarkeçər istiqamətində xidmətini davam etdirib.
2022-ci il sentyabrın 13-də Azərbaycan-Ermənistan şərti sərhədində ağır döyüşlər başlayanda Alisa Melkonyan Ermənistan ordusunun müqaviləli hərbçisi idi. O, Basarkeçərdəki hərbi hissələrdən birində xidmət edirdi.
Alisanın son döyüşü 13 sentyabr 2022-ci ildə Basarkeçər istiqamətində olub. O, həmin gün ordumuz tərəfindən məhv edilib.


