Qazaxıstan Nursultan Nazarbayevin qardaşının 300 min hektar ərazisini müsadirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Ekspress K” nəşri məlumat yayıb. Bildirilir ki, birinci prezidentin qardaşı Bolat Nazarbayevin nəhəng torpaqları dövlətin mülkiyyətinə keçib.
Nəşr xəbər verir ki, bu barədə AMANAT partiyasının iclasında məlumat verilib. Partiya üzvü Yerlan Sairovun sözlərinə görə, hazırda Bolat Nazarbayevin törəmə şirkətlərinə məxsus Manqistau vilayətində 39 min hektar, Cambıl vilayətində isə 60 min hektar torpaq artıq dövlətə qaytarılıb.
Bundan başqa, əvvəllər 244 hektar ərazisi olan 59 torpaq sahəsi müəyyən edilib ki, onların da sahibi şübhəli şəraitdə Nursultan Nazarbayevin qardaşı olub.
“Partiyamızın əsas missiyası qanunsuz olaraq şəxsi əllərə keçmiş milli sərvətləri dövlətə qaytarmaqdır. Biz bu işi sistemli şəkildə həyata keçirəcəyik. Soyadın “zadəganlığı”, keçmiş xidmətləri və pul kisəsinin qalınlığı ədalətin bərpasına heç bir maneə deyil. Xalqın əlindən alıblarmı? Qaytaracaqlar”, – deyə Sairov bildirib.
Artıq Almatıda Bolat Nazarbayevə məxsus topdansatış bazarının dövlət mülkiyyətinə qaytarıldığı məlum olub.
Xuraman Etibarlı,
KONKRET.az
