Almatı polisinə şəhərdəki səkkiz məktəbə bomba qoyulması ilə bağlı məlumat daxil olub.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə şəhər polisinin sözçüsü Saltanat Azirbek bildirib.
Onun sözlərinə görə, bu gün səhər saatlarında naməlum şəxsdən Almatı məktəblərinə bomba qoyulması ilə bağlı polisə mesaj daxil olub. Məlumatı yoxlamaq üçün bütün göstərilən ünvanlara qruplar göndərilib.
“Hazırda fövqəladə hallar xidməti bir sıra təhsil müəssisələrində yoxlamalar aparır. Daxil olan məlumata görə, orada partlayıcı qurğular yerləşdirilib. İstehkamçı bölmələr tərəfindən yoxlamalar evakuasiya edilmədən həyata keçirilir”, – Azirbek deyib.
Polis şəhər sakinlərindən görülən tədbirlərə anlayışla yanaşmağı və yalan məlumat yaymamağı xahiş edib.
Qeyd edək ki, sosial şəbəkələrdə polisin 61 və 83 saylı məktəbləri mühasirəyə alması ilə bağlı məlumatlar yayılıb.
İqbal Rzayev,
KONKRET.az