DİQQƏT: Bu şəxslər pensiyaya tez çıxa bilər – VACİB AÇIQLAMAbackend

DİQQƏT: Bu şəxslər pensiyaya tez çıxa bilər - VACİB AÇIQLAMA

Azərbaycanda tənha yaşayan, ailə dəstəyi olmayan və gündəlik qayğılarını təkbaşına qarşılamaqda çətinlik çəkən şəxslər üçün pensiya yaşının azaldılması məsələsi zaman-zaman ictimai müzakirələrə səbəb olur.

Bəs mövcud qanunvericilik belə bir güzəşti nəzərdə tuturmu, yoxsa pensiya yaşının aşağı salınması yalnız müəyyən peşə və sosial kateqoriyalara şamil edilir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırda Azərbaycanda həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 müəyyən olunub. Tənha yaşamaq pensiya yaşının azaldılması üçün hüquqi əsas sayılmır.

Razi Abbasbəyli
Onun sözlərinə görə, qanunvericilik yalnız müəyyən kateqoriyadan olan şəxslərə yaşa görə pensiyaya daha erkən çıxmaq imkanı yaradır:

“Bu kateqoriyaya hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, mülki aviasiyanın bəzi uçuş heyəti üzvləri, eləcə də xüsusi və zərərli əmək şəraitində çalışan şəxslər daxildir. Xüsusilə, yeraltı və mədən sənayesində çalışanlar üçün güzəştlər nəzərdə tutulub. Ağır və zərərli iş şəraitində çalışan kişilər üçün 12 il 6 ay, qadınlar üçün isə 10 il xüsusi əmək stajı tələb olunur. Bu şərtləri ödəyən şəxslər 65 yaşı gözləmədən, 60 yaşında yaşa görə əmək pensiyasına çıxa bilirlər”, – deyə ekspert vurğulayıb.

R.Abbasbəyli qeyd edib ki, bu kateqoriyalarda pensiyaya erkən çıxmaq avtomatik baş vermir və vətəndaşın müraciəti əsasında həyata keçirilir:

“Burada könüllülük prinsipi tətbiq edilir. Məsələn, hüquq-mühafizə orqanlarında, hərbi xidmətdə, mülki aviasiyada və ya mədən sənayesində çalışan şəxslər istəsələr 60 yaşında pensiyaya çıxa bilərlər. Lakin onlar əmək fəaliyyətini davam etdirmək istədikdə, qanun buna da imkan yaradır və 65 yaşadək işləmələri təmin olunur. Yəni sistem avtomatik şəkildə onları pensiyaya göndərmir”, – deyə o, bildirib.

İqtisadçı əlavə edib ki, qanunvericilikdə istisna təşkil edən digər kateqoriya beş uşaq böyüdərək yetkinlik yaşına çatdıran analardır:

“Beş uşaq böyüdüb başa çatdıran analar 60 yaşdan etibarən pensiya almaq hüququ qazanırlar. Bu halda pensiya təyinatı avtomatik həyata keçirilir. Əgər həmin ana işləmirsə, qanun ona birbaşa yaşa görə pensiya təyin edir. Əgər əmək fəaliyyəti ilə məşğuldursa, bu zaman könüllü şəkildə müraciət edərək iş fəaliyyətini dayandıra və 60 yaşında pensiyaya çıxa bilər”, – deyə R.Abbasbəyli qeyd edib.

Ekspert vurğulayıb ki, hazırkı qanunvericilikdə tənha yaşamaq, ailə dəstəyinin olmaması və ya gündəlik qayğıların təkbaşına yerinə yetirilməsi pensiya yaşının azaldılması üçün ayrıca əsas kimi nəzərdə tutulmayıb. Bu istiqamətdə hər hansı dəyişiklik yalnız qanunvericiliyə ediləcək yeni əlavələr və ya islahatlar çərçivəsində mümkün ola bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*