Bu gün saat 08:40 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış hadisəsi baş verməsi ilə əlaqədar çağırış qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə apa-nın sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 qadın, 1 kişi) termiki yanıq diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmət göstərilən pasiyentlərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə baş verən ərazidən keçərkən 1 nəfər də (qadın) xəsarət alıb. Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan pasiyentə zəruri tibbi xidmət göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir, ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
***
Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən yaşayış evində partlayış baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, partlayış ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb.
Yanğın nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 250kv.m. olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.
Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
