Şeyxin azərbaycanlı keçmiş arvadı: “Qızlarımın son gördüyü mənzərə bu idi”backend

Şeyxin azərbaycanlı keçmiş arvadı: “Qızlarımın son gördüyü mənzərə bu idi”

Dubay şeyxi Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı gimnast Zeynəb Cavadlı ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını və üç qızının zorla əlindən alındığını iddia edib.

KONKRET.az lent.az-a istinadən xəbər verir ki, Zeynəb Cavadlı BMT-nin İnsan Hüquqları Şurasına ünvanladığı videomüraciətdə 2026-cı ilin iyununda silahlı və maskalı şəxslərin gecə saatlarında onun evinə basqın etdiklərini bildirib. Qadının sözlərinə görə, həmin şəxslər onu döyüb, narkotik təsirli maddələr verərək müqavimət göstərmək imkanından məhrum ediblər. Daha sonra isə üç azyaşlı qızını yataqlarından götürərək aparıblar.

“Qızlarımın son gördüyü mənzərə evimizin döşəməsində döyülmüş və narkotik maddələrin təsiri altında uzanan anaları idi. Mənim son eşitdiyim isə onların qışqırıqları oldu”, – deyə Cavadlı bildirib.

Azərbaycanlı qadın həmin vaxtdan bəri 10 yaşlı Səna, 8 yaşlı Asiya və 7 yaşlı Səlamə adlı qızlarını görmədiyini söyləyib.

Cavadlının britaniyalı vəkilləri BMT-nin hadisəyə müdaxilə etməsini istəyiblər. Vəkil Rodni Dikson təşkilata rəsmi müraciət edərək üç azyaşlı qızın harada saxlanıldığının və onların təhlükəsizliyinin müəyyənləşdirilməsinə yardım göstərilməsini xahiş edib.

Eyni zamanda BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Pau Peres-Salesdən qadının 2026-cı ilin iyununda saxlanılması ilə bağlı hadisənin araşdırılması istənilib.

Müdafiə tərəfinin iddiasına görə, dövlət təhlükəsizlik orqanlarının əməkdaşları Cavadlını döyməklə kifayətlənməyib, onu altı gün ərzində vəkillə görüşmək imkanından məhrum ediblər. Bu müddətdə qadının gözləri bağlı vəziyyətdə dindirildiyi və təzyiq altında videoya çəkilən etiraf ifadəsi verməyə məcbur edildiyi bildirilir.

Hazırda Dubayda yaşayan keçmiş azərbaycanlı gimnastın öz övladlarını qaçırmaq ittihamı ilə cümə axşamı məhkəmə qarşısına çıxacağı qeyd olunur.

Onun vəkili Devid Heyqin sözlərinə görə, hadisə mediada işıqlandırıldıqdan sonra Dubay hakimiyyəti Cavadlıdan ictimai açıqlamalarını dayandırmağı tələb edib. İddia olunur ki, bunun müqabilində ona qızları üzərində qəyyumluq hüququnu saxlamaq imkanı vəd edilib.

Heyqin sözlərinə görə, Cavadlı yaşayış yerindən məhrum edilib, onun ölkədən çıxışına yenidən qadağa qoyulub. Bundan başqa, sosial şəbəkələrdə kömək istəməsi ilə bağlı paylaşımlarına görə ona qarşı kibercinayət ittihamları da irəli sürülüb.

Qeyd edək ki, Zeynəb Cavadlı BMT-yə ilk dəfə müraciət etmir. Hələ 2022-ci ilin oktyabrında vəkil Rodni Dikson onun keçmiş həyat yoldaşı ilə uzun müddət davam edən qəyyumluq mübahisəsi zamanı Dubay hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalması barədə şikayət təqdim etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*