Azərbaycanda fərdi yaşayış evi tikmək istəyən vətəndaşların diqqət etməli olduğu əsas məsələlərdən biri torpağın təyinatı və tikinti üçün tələb olunan sənədlərdir. Bir çox hallarda vətəndaşlar şəxsi mülkiyyətlərində olan torpaq sahəsində istədikləri kimi ev tikə biləcəklərini düşünürlər. Lakin mövcud qanunvericiliyə əsasən, torpağın mülkiyyət hüququ ilə yanaşı, onun təyinatı və tikinti normalarına uyğunluğu da mühüm əhəmiyyət daşıyır.
Bəs vətəndaş öz torpağında fərdi yaşayış evi tikmək istəyirsə, hansı quruma müraciət etməli və hansı prosedurlardan keçməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, fərdi yaşayış evinin tikintisinə başlamazdan əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyənləşdirilməlidir.

Ekspertin sözlərinə görə, ilk növbədə vətəndaşın torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiqləyən çıxarışı olmalıdır:
“Əgər vətəndaşın mülkiyyətində torpaq sahəsi varsa və həmin torpağın çıxarışında yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olduğu göstərilibsə, fərdi yaşayış evinin tikintisi üçün müvafiq prosedurlara başlamaq mümkündür. Torpaqlar müxtəlif kateqoriyalara bölünür. Kənd təsərrüfatı təyinatlı torpaqlarla yaşayış məntəqələrinin torpaqları arasında hüquqi fərqlər mövcuddur. Buna görə də vətəndaş ilk növbədə çıxarışda torpağın hansı kateqoriyaya aid olduğunu və onun təyinatını yoxlamalıdır”.
Anar Nəsirov qeyd edib ki, torpağın təyinatı fərdi yaşayış evinin tikintisinə uyğundursa, növbəti mərhələdə evin layihəsi hazırlanmalıdır:
“Vətəndaş bunun üçün müvafiq fəaliyyət hüququ olan layihəçi mütəxəssisə və ya layihələndirmə şirkətinə müraciət etməlidir. Torpaq sahəsinin sənədləri və şəxsiyyət vəsiqəsi əsasında tikiləcək evin layihəsi hazırlanır. Bu zaman evin ümumi sahəsi, mərtəbələrinin sayı, hündürlüyü, otaqların yerləşməsi və digər texniki göstəricilər nəzərə alınır. Layihə həm vətəndaşın istəyinə, həm də qüvvədə olan tikinti norma və qaydalarına uyğun olmalıdır”.
Ekspertin sözlərinə görə, layihə hazırlandıqdan sonra müvafiq sənədlər tikintinin aparılacağı ərazi üzrə səlahiyyətli quruma elektron qaydada təqdim olunur.
“Layihə hazırlanarkən qonşu torpaq sahələri ilə ara məsafəsi, tikilinin hündürlüyü, konstruktiv xüsusiyyətləri və digər texniki tələblər nəzərə alınmalıdır. Əgər sənədlərdə və ya layihədə hər hansı çatışmazlıq aşkarlanarsa, bu barədə vətəndaşa yazılı məlumat verilir. Həmin şəxs layihəni hazırlayan mütəxəssisə müraciət edərək göstərilən nöqsanların aradan qaldırılmasını təmin edə bilər. Daha sonra düzəliş edilmiş sənədlər yenidən təqdim olunur”, – deyə ekspert vurğulayıb.
Anar Nəsirov əlavə edib ki, bütün tələblər yerinə yetirildikdən və qanunvericiliklə nəzərdə tutulan prosedur tamamlandıqdan sonra vətəndaş fərdi yaşayış evinin tikintisinə başlayır.
“Tikinti başa çatdıqdan sonra isə vətəndaş evin müvafiq qaydada rəsmiləşdirilməsi üçün müraciət edə bilər. Zəruri sənədlər qaydasında olduqda tikiliyə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın əldə edilməsi mümkündür”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, müəyyən ölçülərə uyğun fərdi yaşayış evlərinin tikintisi üçün ayrıca tikintiyə icazə alınması deyil, məlumatlandırma icraatı tətbiq olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən, mərtəbələrinin sayı üçdən, hündürlüyü 12 metrdən, aşırımlarının uzunluğu isə 6 metrdən çox olmayan fərdi yaşayış evləri bu qaydaya daxildir.
Belə hallarda vətəndaş tikinti niyyəti barədə müvafiq yerli icra hakimiyyəti orqanına məlumat verir və tələb olunan layihə sənədlərini təqdim edir. Qanunla müəyyən edilmiş müddətdə layihəyə dair irad bildirilmədikdə tikintiyə başlamaq mümkündür. Bu hədləri aşan tikililər üçün isə ayrıca icazə proseduru tələb oluna bilər.
Beləliklə, şəxsi torpaq sahəsinə sahib olmaq həmin ərazidə avtomatik olaraq ev tikmək hüququ vermir. Tikintinin qanuni aparılması üçün torpağın təyinatı, layihə sənədləri və müvafiq şəhərsalma tələbləri nəzərə alınmalıdır.
Aynurə İsmayıl
KONKRET.az
