Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil formasının mərhələli şəkildə distant təhsillə əvəzlənməsi gündəmə gəlib. Bu modelin tətbiqi xüsusilə işləyən və müxtəlif səbəblərdən əyani təhsil ala bilməyən şəxslər üçün yeni imkanlar yarada bilər.
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, qiyabi təhsilin tədricən distant təhsil modeli ilə əvəzlənməsi nəzərdə tutulur:
“Azərbaycanın təhsil qanunvericiliyində əyani və qiyabi təhsillə yanaşı, distant təhsil forması da öz əksini tapıb. Lakin ölkəmizdə bu model hələ geniş və davamlı şəkildə tətbiq olunmur. Xaricdə distant formada əldə edilən ali təhsil kvalifikasiyalarının tanınması ilə bağlı da məhdudiyyətlər mövcuddur. Azərbaycanda distant təhsildən əsasən pandemiya dövründə, eləcə də bəzi fövqəladə hallarda qısamüddətli şəkildə istifadə edilib”.
Ekspertin sözlərinə görə, distant təhsil modelinə keçid vətəndaşların ali təhsil almaq imkanlarını genişləndirə bilər:
“İşləyən şəxslərin, evdar xanımların və müxtəlif səbəblərdən ənənəvi təhsil prosesində iştirak edə bilməyən vətəndaşların təhsil imkanlarını nəzərə alsaq, distant modelin tətbiqi məqsədəuyğundur. Ehtimal edirəm ki, növbəti illərdən etibarən ali təhsil müəssisələrinə distant təhsil forması üzrə tələbə qəbulunun aparılmasının şahidi ola bilərik”.
Elçin Əfəndi vurğulayıb ki, bu modelə keçid üçün ilk növbədə universitetlərin maddi-texniki bazası təkmilləşdirilməli, zəruri rəqəmsal infrastruktur yaradılmalı və keyfiyyətli internetə çıxış təmin edilməlidir.
“Yalnız bu şərtlər təmin edildikdən sonra distant təhsilin genişmiqyaslı tətbiqinə başlanıla bilər”, – deyə ekspert fikrini yekunlaşdırıb.
Aynurə İsmayıl
KONKRET.az
