Çoxmənzilli binalarda qonşular arasında ən çox narazılıq yaradan məsələlərdən biri də mənzilləri su basmasıdır. Bir anlıq diqqətsizlik və ya texniki nasazlıq aşağı mərtəbədə yaşayan sakin üçün ciddi maddi zərərə çevrilə bilər. Belə hallarda isə ən çox verilən sual budur: mənzili su basan şəxs dəyən zərərə görə hüquqi məsuliyyət daşıyırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, əgər mənzilin su basmasına üst qonşunun səhlənkarlığı və ya texniki nasazlığa vaxtında müdaxilə etməməsi səbəb olubsa, həmin şəxs dəyən ziyanı ödəməlidir:

“Bu halda üst qonşunun səhvi nəticəsində evi su basıbsa və nəticədə maddi ziyan dəyibsə, o zaman həmin şəxs dəymiş zərəri ödəməlidir. Əgər ödəməkdən imtina edirsə, bu halda zəruri sübutları toplamaqla həmin qonşunun qeydiyyatda olduğu ərazi üzrə məhkəməyə müraciət etmək mümkündür”.
Hüquqşünas qeyd edib ki, zərərçəkən şəxs ilk növbədə hadisənin fotosunu və videosunu çəkməli, mümkün olduqda bina nümayəndəsinin və ya şahidlərin iştirakı ilə akt tərtib etdirməlidir.
“Ekspertiza rəyi və təmir xərclərini təsdiqləyən sənədlər də məhkəmə prosesində əsas sübut hesab olunur.
Bəzi hallarda məsuliyyət birbaşa qonşuda deyil, binanın ümumi kommunikasiya sisteminə cavabdeh olan qurumda da ola bilər. Buna görə problemin mənbəyinin dəqiq müəyyənləşdirilməsi vacibdir”.
Mütəxəssis vətəndaşlara belə hallarda emosional davranmaq əvəzinə hüquqi prosedurlara uyğun addım atmağı tövsiyə edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
