Qubanın icra başçısının qardaşı oğlundan daha bir dələduzluq FAKTI – VİDEObackend

Qubanın icra başçısının qardaşı oğlundan daha bir dələduzluq FAKTI - VİDEO

27 iyul 2022-ci il tarixdə vəzifəli şəxs adından Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək cinayət məsuliyyətinə cəlb edilən Elvin Firudin oğlu Əliyev barəsində daha bir fakt üzə çıxıb.

KONKRET.az-ın redaksiyasına müraciət edən İsmayıl Abbas oğlu Quliyev də E.Əliyev tərəfindən dələduzluq yolu ilə aldadıldığı barədə məlumat verib. Zərəçəkən bildirib ki, ötən ilin axırlarında Prezident İlham Əliyevə onlayn müraciət ünvanlayaraq, anasının müalicəsi üçün yardım olunmasını xahiş edib. Təxminən 5-6 aydan sonra onun telefon nömrəsinə Elvin Əliyev adlı şəxsdən zəng gəlib və özünü Prezident Administrasiyasının şöbə müdiri kimi təqdim edib.

O, Administrasiyada İsmayıl Quliyevin müraciətinə baxıldığını və müalicə xərci kimi Heydər Əliyev Fondu tərəfindən 2800 (iki min səkkiz yüz) manat vəsait ayrıldığını bildirib. Onu da deyib ki, həmin vəsaiti bankdan çıxarmaq üçün kart açılmasına 280 (iki yüz səksən) manat ödəniş etməlidir. İ.Quliyev deyir ki, bundan sonra o, borc-xərclə 280 manatı düzəldib və Million aparatı vasitəsilə özünün şəxsi əlaqə nömrəsinə köçürüb: “Sonra nömrəmə kod gəldi və Elvinin sözüylə həmin kodu ona dedim. Daha sonra bildirdi ki, Beynəlxalq Bankın istənilən filialına yaxınlaşaraq 2800 manatı çıxara bilərəm. Mən də bankın Mərdəkandakı filialına getdim. Orada isə bankın nümayəndələri mənə aldadıldığımı bildirdilər”.

İ.Quliyev bundan sonra Elvin Əliyevlə əlaqə saxlayaraq, pulunun geri qaytarılmasını istəyib. Lakin qarşı tərəf ondan pul almadığını deyib və nömrəsini də ləğv edib.

Göründüyü kimi, bir neçə gün öncə həbs edilən Elvin Əliyev təkcə Vətən müharibəsi iştirakçılarına qarşı deyil, sıravi vətəndaşlara qarşı da dələduzluq əməlləri törədib.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Elvin Firudin oğlu Əliyev dələduzluq əməlləri törətməsi ilə bağlı çoxsaylı faktlar əsasında 25 iyul 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. AR Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan olunaraq, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda onun törətdiyi cinayət əməllərindən zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, Elvin Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşı oğludur.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*