Ali Məhkəmədə quldurluqda təqsirləndirilən İman Əhmədov və Şıxəli Sarıyevin (hər ikisinin adı, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, onların barəsində olan Bakı Apellyasiya Məhkəməsinin qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Şıxəli Sarıyevin Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə məhkum edilməsi hissəsində ləğv olunub. Həmin hissədə cinayət işi üzrə icraata Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsində göstərilən əsasla Şıxəli Sarıyevin əməlində cinayət tərkibi olmadığına görə xitam verilib. Ona aid hissədə Bakı Apellyasiya Məhkəməsinin qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Həmin yekun məhkəmə aktlarından Şıxəli Sarıyevin Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən – cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair müddəalar xaric edilib, onun üzərində yalnız Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təyin olunmuş 9 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İttihama görə, Şıxəli Sarıyev Cinayət Məcəlləsinin 170.3 (yetkinlik yaşına çatmayanın cinayətkar fəaliyyətə cəlb edilməsi), 181.2.1 və 181.2.5-ci (bir qrup şəxs tərəfindən və silah qismində istifadə edilən əşyadan istifadə edilməklə törədilən quldurluq) maddələri ilə təqsirli bilinərək məhkum edilib.
Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, hadisə 2022-ci ilin gecə saatlarında Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verib.
Belə ki, hadisə vaxtı artıq 18 yaşını tamamlamış Şıxəli özgənin əmlakını ələ keçirmək məqsədilə 2006-cı il təvəllüdlü, yetkinlik yaşına çatmayan tanışı İman Əhmədovu cinayətə cəlb edib. O, yeniyetməyə birlikdə hərəkət etmələri müqabilində qazanc əldə edəcəklərini vəd edərək onu ağır cinayətin törədilməsinə razı salıb.
Əvvəlcədən hazırlanan plana əsasən, yetkinlik yaşına çatmayan şəxs tanışı olan zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə əlaqə saxlayaraq, guya əvvəllər aldığı “Samsung A9” markalı mobil telefonu geri qaytaracağını bildirib və onu Rəsulzadə qəsəbəsində yerləşən avtobus dayanacağının yaxınlığına çağırıb. Daha sonra onlar birlikdə qəsəbədə yerləşən parkın ərazisində tikinti və təmir işləri aparılan kafeyə tərəf gediblər. Təqsirləndirilən şəxslər əvvəlcədən hazırladıqları plana uyğun olaraq zərərçəkmişi həmin yarımçıq tikilinin içinə daxil olmağa məcbur ediblər.
Əsas Şıxəli üzərində gəzdirdiyi məişət təyinatlı mətbəx bıçağını çıxararaq silah qismində nümayiş etdirib və S.S.-i həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib. Zərərçəkmiş kafenin pəncərəsindən içəri daxil olduqdan sonra cinayət planının ikinci mərhələsi həyata keçirilib. Yetkinlik yaşına çatmayan iştirakçı əvvəlcədən razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq S.S.-in hərəkət etməsinə mane olmaq üçün onun qollarından tutub.
Bu zaman əsas Şıxəli zərərçəkmişə yumruq və təpik zərbələri endirib. Hadisə nəticəsində S.S. sağ dirsək nahiyəsində səthi əzilmiş yara, sağ bel nahiyəsində isə qançır xəsarətləri alıb. Ekspertiza həmin xəsarətlərin sağlamlığa zərər vurmadığını müəyyən edib.
Bundan sonra təqsirləndirilən şəxslər zərərçəkmişin üzərində olan əmlakı ələ keçiriblər.
Onlar zərərçəkmişin dəri pul kisəsində olan 34 manat nağd pulu, içərisində 552 manat 47 qəpik məbləğində vəsait olan Azərpoçt əməkhaqqı kartını, həmçinin 60 manat dəyərində “Huawei Y5” markalı mobil telefonu və telefonun daxilində olan iki mobil nömrəni götürərək hadisə yerindən uzaqlaşıblar.
Məhkəmə hesab edib ki, nəticədə zərərçəkmişə ümumilikdə 654 manat 47 qəpik məbləğində maddi ziyan vurulub.
Araşdırma zamanı müəyyən edilib ki, cinayətin törədilməsində iştirak edən əsas Şıxəli cinayəti əvvəlcədən planlaşdırıb, yetkinlik yaşına çatmayan şəxsi müxtəlif vədlərlə cinayətkar fəaliyyətə cəlb edib və hadisə zamanı ona konkret vəzifələr verərək quldurluq əməlini birgə həyata keçirib.
Toplanmış sübutlar, zərərçəkmişin ifadəsi, şahidlərin izahatları, ekspertiza rəyləri və digər sübutlar məhkəmə tərəfindən araşdırıldıqdan sonra təqsirləndirilən şəxsin əməli sübuta yetirilmiş hesab edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İman Əhmədov 8 il 5 ay 28 gün və Şıxəli Sarıyev isə 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə İman Əhmədov və onun müdafiəçisinin apellyasiya şikayətləri təmin olunmayb, Şıxəli Sarıyevin isə apellyasiya şikayəti qismən təmin edilib, ona hökmlərin məcmusu üzrə qəti olaraq 9 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qərardan narazı qalan Şıxəli Sarıyev kassasiya şikayəti verib.
