Həbsdə olan İlyaz Qocamanov 1 milyona yaxın vergi ödəməkdən yayınmışdı – QƏRARbackend

Həbsdə olan İlyaz Qocamanov 1 milyona yaxın vergi ödəməkdən yayınmışdı – QƏRAR

Ali Məhkəmədə vergiləri ödəməkdən yayınmada təqsirləndirilən İlyaz Qocamanovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qeyd edilib ki, İlyaz Qocamanov barəsində Cinayət Məcəlləsinin külli miqdarda vergidən yayınma maddəsi ilə ittihamı irəli sürülüb.

O, öz müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətindən imtina etdiyini bildirərək Ali Məhkəməyə yazılı müraciət edib. Nəticədə kassasiya instansiyası şikayətin geri qaytarılması barədə qərar qəbul edib.

İş materiallarına görə, Abşeron Rayon Məhkəməsi cinayət hadisəsinin baş vermədiyi qənaətinə gələrək İlyaz Qocamanova Cinayət-Prosessual Məcəlləsinin 42.1.1-ci maddəsinə əsasən bəraət verib. Birinci instansiya məhkəməsi həmçinin onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini ləğv edib, Dövlət Vergi Xidmətinin 1 191 618 manat məbləğində ziyanın tutulması barədə mülki iddiasını da rədd edib. Lakin həmin hökm dövlət ittihamçısı və Dövlət Vergi Xidməti tərəfindən mübahisələndirilmiş, verilmiş apellyasiya protesti və apellyasiya şikayəti nəticəsində işə yenidən baxılıb.

Sumqayıt Apellyasiya Məhkəməsinin 2025-ci ildə baxdığı iş üzrə Abşeron Rayon Məhkəməsinin əvvəlki hökmünü dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxsin apellyasiya şikayəti əsasında ləğv edib.

Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddəsi ilə təqsirli bilərək ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Bundan əlavə, məhkəmə İlyaz Qocamanovu 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edib.

Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin 2022-ci ildə şübhəli şəxs qismində saxlanıldığı iki gün əsas cəzadan çıxılıb və onun üzərində qəti olaraq 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Apellyasiya hökmü ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də dəyişdirilib. Məhkəmə zalındaca İlyaz Qocamanovun barəsində həbs qətimkan tədbiri seçilib və onun dərhal həbs olunaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İstintaq Təcridxanasına həvalə edilməsi müəyyən edilib.

Məhkəmə həmçinin müəyyən edib ki, dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası azadlıqdan məhrumetmə müddəti başa çatdıqdan sonra da hökmdə göstərilən müddət ərzində qüvvədə qalacaq.

Dövlət büdcəsinə 834 335,81 manat vəsaitin ödənilməsi qərara alınıb

Məhkəmə iş üzrə maddi sübut və xüsusi müsadirə olunacaq əmlakın olmadığını da qeyd edib.

Sumqayıt Apellyasiya Məhkəməsinin hökmündən sonra məhkumun müdafiəçiləri Ali Məhkəməyə kassasiya şikayəti verərək apellyasiya hökmünün ləğv olunmasını istəyiblər. Lakin Ali Məhkəmədə işə baxılacağı tarix müəyyən edildikdən sonra məhkum məhkəməyə yazılı ərizə təqdim edərək kassasiya şikayətindən imtina etdiyini bildirib və şikayətin geri götürülməsini xahiş edib.

Ali Məhkəmənin məhkumun müraciətini, müdafiəçilərin və dövlət ittihamçısının mövqeyini araşdırdıqdan sonra ərizənin qanunvericiliyin tələblərinə uyğun verildiyi qənaətinə gəlib. Nəticədə Ali Məhkəmə müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətlərinin məhkumun ərizəsi əsasında geri qaytarılması barədə qərar qəbul edib.

Qeyd: İlyaz Ayaz oğlu Qocamanov 2020-ci ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd olub. Daha əvvəl mətbuatda ona məxsus olduğu bildirilən “Mak.Go Global” MMC-nin vergi borcu yarandığı barədə məlumatlar yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*