Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sədrəddin Sərhədovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, Sədrəddin Sərhədov insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaqda və bir qrup şəxs tərəfindən zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilib.
Belə ki, hadisə 05 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Şollar” adlı kafedə baş verib. Təqsirləndirilən şəxs istintaqla şəxsiyyəti müəyyən edilməmiş “Aydın” adlı şəxslə birlikdə hərəkət edərək, kafenin daxilində olan çoxsaylı müştərilərin gözü qarşısında ictimai qaydanı kobud şəkildə pozan davranışlar nümayiş etdirib.
İttihamda qeyd olunur ki, o, özünü cəmiyyət üzərində üstün göstərmək məqsədi ilə açıq hörmətsizlik ifadə edən hərəkətlərə yol verərək, kafenin müştərisi olan zərərçəkmiş M.M.-in (adı, soyadı şərtidir) sifət nahiyəsindən yumruq zərbələri endirib.
Hadisənin davamında isə tərəflər arasında yaranmış mübahisə dava-dalaşa çevrilib. Bu zaman Sədrəddin Sərhədov həmin kafedə olan digər müştəri – zərərçəkmiş N.N.-ə (adı, soyadı şərtidir) bıçaqla hücum edərək onun qarın nahiyəsinə bir dəfə zərbə endirib. Zərbə nəticəsində zərərçəkmiş şəxsin qarın boşluğuna nüfuz edən, mədənin zədələnməsi ilə müşayiət olunan və daxili qanaxmaya səbəb olan ağır xəsarət qeydə alınıb.
İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq – zor tətbiqi ilə törədildikdə) maddələri ilə tövsif edilib.
Lakin birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırdıqdan sonra əməli daha yüngül tərkibli maddələrlə – Cinayət Məcəlləsinin 126.1 və 221.2.1-ci maddələri ilə tövsif edərək təqsirləndirilən şəxsi həmin maddələr üzrə təqsirli bilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sədrəddin Sərhədova şərti cəza verilib və o, dərhal məhkəmə iclas zalından azad edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub, ona 5 il 1 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verilib.
