İraq hökuməti Stokholmda müqəddəs Quran kitabının nüsxəsini yandıran 37 yaşlı iraqlı miqrant Salvan Momikanın ekstradisiyası üçün rəsmi sənədlər hazırlayır.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəmə Şurasının sözçüsü məlumat verib.
Qeyd olunub ki, əgər o, İraqa ekstradisiya edilərsə, onu 3 ilə qədər həbs gözləyir.
Məlumata görə, bununla bağlı rəsmi sorğu ölkənin cinayət məcəlləsinə uyğun tərtib edilərək göndəriləcək.
“Cinayət İraqın hüdudlarından kənarda törədilib, lakin onu törədən şəxs ekstradisiya edilərsə, mühakimə oluna bilər”, – sözçü deyib.
Bildirilib ki, Momika İraq hökumətinə təhvil verilərsə, cinayət məcəlləsinə görə, o, üç ilə qədər həbs cəzasını nəzərdə tutan küfr maddəsi ilə ittiham olunacaq.
Sözçü izah edib ki, əgər İsveç iraqlı mühaciri ekstradisiya etməkdən imtina edərsə, Bağdad İnterpol haqqında Beynəlxalq Konvensiyanı və BMT Nizamnaməsini pozduğuna görə Stokholmu məhkəməyə vermək hüququna malikdir.
O qeyd edib ki, Bağdad məhkəməni udmalıdır, çünki cinayətkarın törətdiyi əməl İraqın suverenliyinə təsir edir.
Xatırladaq ki, İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Quranın səhifələrini qopararaq yandırıb. Dünən İsveç səfiri İraq Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Hökumət Stokholmdan iraqlını ekstradisiya etməyi tələb edib.
İqbal Rzayev,
KONKRET.az
