Rusiya dağılır, Çin qazanclı çıxır, ABŞ-a isə problemlər yaranır: Smartın fikirləri nə dərəcədə realdır? – ÖZƏLbackend

Rusiya dağılır, Çin qazanclı çıxır, ABŞ-a isə problemlər yaranır: Smartın fikirləri nə dərəcədə realdır? - ÖZƏL

Amerikalı politoloq və siyasi texnoloq Ceyson Smartın “Rusiya parçalanacaq, bu proses iqtisadi və ya siyasi parçalanma ilə başlaya bilər” fikirləri birmənalı qarşılanmayıb və geniş müzakirələrə yol açıb. Politoloqun, “Rusiyanın dağılması Çin üçün çox sərfəlidir” fikirləri isə əməlli-başlı səs-küy yardıb və intriqa məqsədli açıqlama kimi xarakterizə olunub. Bəs görəsən, Rusiya parçalana bilərmi? Ümumiyyətlə, Rusiyanın parçalanması onun müttəfiqi olan Çinə həqiqətən də sərf edirmi, yoxsa bu, amerikalı politoloqun məntiqsiz fikirləridir?

Mövzunu KONKRET.az-a şərh edən politoloq İlyas Hüseynov bildirib ki, Rusiya hər zaman ABŞ tərəfindən həyata keçirilən tədbirləri özü üçün təhdid sayıb: “Hələ SSRİ dövründə səslənən bu cür fikirlər reallaşdığından bu gün də müasir Rusiyanın parçalanacağına dair edilən açıqlamalar qorxu yaradır. Rusiyanın siyasi cəhətdən parçalanması və müxtəlif subyektlərin müstəqillik qazanması həm də ABŞ-ın Rusiya-Ukrayna müharibəsində geostrateji planı kimi xarakterizə oluna bilər. Geniş səlahiyyətlərə malik subyektlərin müstəqil olması isə Avrasiyada yeni geosiyasi formasiyanı tənzimləyəcək. Şübhəsiz ki, Rusiyanın parçalanmasından Çinin də qazanclı çıxması ehtimalı böyükdür. Kremllə dost və tərəfdaş münasibətlərin olmasına rəğmən Rusiyanın parçalanması Çinin xeyirinə olacaq. Belə ki, Belə ki, həmsərhəd bölgələrdən ildə təqribən 1-3 milyon çinli Rusiya ərazisinə keçir və burada miqrant kimi çalışır, yaxud oturum alır. Qeyd etdiyim fakt Rusiyanın milli təhlükəsizliyinə təhdid kimi dəyərləndirilsə də, bu gün Rusiyanın Çinlə münasibətləri balanslaşdırıcı rol oynayır”.

Politoloqun sözlərinə görə, Yaponiyanın Kuril adalarına, Polşanın Kalininqrada göz dikməsi, Baltikyanı dövlətlərin isə Kremllə bərbad münasibətlərə malik olması şübhəsiz kimi Ukraynaya müsbət təsir edə bilər: “Ona görə də, müxtəlif maraqların olmasına rəğmən Rusiyanın çökməsi və hətta tamamilə dağılması ABŞ üçün bir sıra problemlər formalaşdırması mümkündür. Bu barədə Kissincer və digər siyasilər də öz çıxışlarında qeyd ediblər. Rusiyanın dağılması fonunda yeni-yeni dövlətlərin yaranması və dünya siyasətində formalaşması fərqli problemlərə yol aça bilər. Ona görə də, Rusiyanın parçalanacağına dair səslənən fikirlər Kremlin diqqətini yayındırmaq və daxildəki problemlərə yol açmaq məqsədi daşıyır. Yəni amerikalı politoloqun səsləndirdiyi fikirlər ideoloji həmlə kimi dəyərləndirilməlidir. Çünki müharibə ilk növbədə ideoloji xarakter daşıyır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*