Rusiyanı Donbasda xüsusi əməliyyat keçirməyə ABŞ və NATO-nun Avropadakı ekspansionist siyasəti sövq edib. Vaşinqton Tayvan məsələsində də eyni şeyi edir. ABŞ-ın Uzaq Şərqdəki aqressiv siyasəti Çini öz maraqlarını Rusiya kimi müdafiə etməyə məcbur edə bilər.
Əgər Vladimir Putin Qərbin Moskvanın strateji maraqlarını nəzərə almadığı üçün Ukraynada xüsusi əməliyyata başlayıbsa, o zaman Pekin də Vaşinqtonla Tayvan məsələsində əvvəlki razılaşmalardan çıxardığı qənaətə görə, Tayvana yaxşı hücum imkanı qazanıb.
Son bir neçə həftə ərzində bir çox ekspertlərin şərhlərində Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın Tayvan üçün anoloji nəticələri ilə bağlı fərziyyələr səslənir.
Ekspertlər Pekinin Vaşinqtonun Ukraynaya birbaşa hərbi müdaxilə etməmək qərarını Tayvana hücumu üçün yaşıl işıq kimi dəyərləndirirlər. Bir sözlə, analitiklər Ukrayna və Tayvan arasında bir çox müqayisələr aparırlar. Amma hər cür müqayisə qüsurludur. Ona görə ki, Ukrayna suveren ölkədir. Lakin Tayvan dünyanın əksər ölkələri tərəfindən hələ də tanınmır.
Bəli, Kiyevin acınacaqlı vəziyyəti Taypeyə özünümüdafiəsini gücləndirməyin zəruriliyini xatırlatmalıdır. Lakin Pekin yaxın vaxtlarda Tayvana hücum etmək niyyətində deyil. Qəribə də olsa, Pekin hücum etmək üçün fürsət axtarmır. Əksinə, hücum etməmək üçün səbəblər arayır. Tayvanla bağlı Ukrayna böhranının ən mühüm dərsi Pekin və ya Taypey üçün deyil, Vaşinqton üçündür. Söhbət tarixi görməzdən gəlməyin, başqalarını günahlandırmağın yolverilməzliyindən gedir.
Prezident Vladimir Putinin Ukraynada sərt əməliyyata başlamasının səbəblərindən biri onun son iyirmi ildə ABŞ və onun avropalı müttəfiqlərinin Rusiyanın təhlükəsizliklə bağlı narahatlığına və onun yaratdığı təhdidlərə məhəl qoymamasıdır. Xüsusən də, NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanı hövsələdən çıxarıb.
Bir çox ekspertlər Putinin mülahizələrini rədd edərək, Rusiyanın 1990-cı illərdə ABŞ-ın NATO-nu genişləndirməyəcəyinə dair verdiyi zəmanəti inkar edir. Və Putinin NATO-nun genişlənməsi və Ukraynanın üzvlüyə qəbulunun hər hansı bir təhlükə yarada biləcəyi ilə bağlı iddialarla razılaşmır. Əvəzində bu ekspertlər Putinin davranışındakı digər amilləri, onun meqalomaniyası, demokratiyaya hörmətsizlik və Rusiya revanşizmi nümunəsi kimi göstərirlər.
Fakt isə odur ki, Putinin Ukraynada keçirdiyi xüsusi əməliyyatın vəhşiliyi bu arqumentlərin çoxunu kölgədə qoyub. Amma NATO-nun genişlənməsi məsələsi sadəcə söz olaraq qalır.
Keçən həftə tədqiqatçı Stiven Uolt yazmışdı ki, “Rusiyanın indiki hərəkətləri qeyri-legitim sayılsa da, bu son bir neçə onillikdə ABŞ-ın yürütdüyü yanlış siyasətin acı nəticəsidir”.
Amerikalı diplomat Corc Kennan Rusiya üzrə görkəmli ekspert və “tutma” siyasətinin atasıdır və hələ 1997-ci ildə NATO-nun genişlənməsinin “soyuq müharibədən sonrakı dövrdə Amerika siyasətinin ən ölümcül səhvi olacağını” yüksək səslə proqnozlaşdırmışdı.
Çünki bu siyasət, “rus cəmiyyətində millətçi, anti-Qərb və militarist meylləri alovlandıracaq… Şərqlə Qərb arasında soyuq müharibə və Rusiyanın xarici siyasətini Amerikanın açıq-aşkar bəyənmədiyi istiqamətə aparacaq”. (Qeyd edək ki, bu proqnoz Putin Rusiyaya liderlik etməzdən əvvəl də verilib). Sonda da məhz deyildiyi kimi oldu.
“The National Interest” nəşri ABŞ.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az.
