Ruslara məhz o zaman ürəklə deyəcəyik: “Davay, dasvidaniya!”backend

Ruslara məhz o zaman ürəklə deyəcəyik: "Davay, dasvidaniya!"

Nəhayət Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. 10 noyabr sülh anlaşmasının 5-ci bəndi düz 80 gündən sonra icra olundu. Əslində isə Birgə Monitorinq Mərkəzi noyabrın ortalarında fəaliyyətə başlamalı idi. Lakin Rusiya bütün vasitələrlə Mərkəzin yaradılmasına qarşı çıxdı. Buna gücü çatmayanda isə işi ləngitməyə səy göstərdi. Və bunu müəyyən qədər bacardı.

Etiraf edək ki, bu gün Birgə Monitorinq Mərkəzi daha əvvəlki kimi aktual deyil. Necə deyərlər, “olan oldu, torba da doldu”. Bu Mərkəzin fəaliyyəti ötən ilin noyabrında Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi.

Ona görə ki, Ermənistandan Yuxarı Qarabağa kimlərin gəldiyi və nələrin gətirildiyini bilmək Bakı üçün çox vacib idi. Amma Moskva bu fürsəti Bakıya vermədi. Ona görə yox ki, Rusiya Ermənistandan Xankəndinə nələrinsə daşınmasına maraqlı idi və bunun Azərbaycanın bilməsini istəmirdi. Əsla, Rusiya sadəcə Türkiyənin hər hansı bir formada Azərbaycanda, dolayısı ilə Cənubi Qafqazda mövcudluğunu istəmirdi.

  • Təsadüfi deyil ki, Putinlə Ərdoğan arasında baş tutan son telefon danışığında Vladimir Vladimiroviç yarızarafat, yarıgerçək dedi  ki, “Biz daha qlobal məsələlərdə birgə fəaliyyət göstəririk. Qarabağdakı Birgə Monitorinq Mərkəzi bunların yanında çox xırda məsələdir”. Bununla da Putin əslində Ankaraya dolayısı ilə bu məsələnin üstünə gəlməməyi xahişini etdi. Amma məsələ formasına görə yox, məzmununa görə prinsipial əhəmiyyət daşıdığı üçün Bakı və Ankara sona qədər getdi. Və istəyinə nail oldu. Baxmayaraq ki, Birgə Monitorinq Mərkəzi indiki halda Azərbaycana elə bir əlavə imkanlar vermir.

Birincisi, ona görə ki, Yuxarı Qarabağda kimin harda dişini qurtlamasından anındaca Bakının xəbəri olur. Çünki Qarabağın hava məkanı artıq Azərbaycanın nəzarətindədir. Və müasir İKT vasitələri imkan verir ki, ölkəmiz Qarabağdakı hər ağacın altına nəzarət etsin.

Üstəlik, Azərbaycan dünyanın çox az sayda kosmik tədqiqat gəmiləri olan ölkələrdən biridir.

İkincisi, adından göründüyü kimi, bu, monitorinq mərkəzidir. Bu mərkəzin Qarabağdakı ermənilərin hansısa təxribatçı hərəkətinə anındaca müdaxilə etmə imkanı yoxdur. Birgə Monitorinq Mərkəzi aşkar etdiyi faktları Azərbaycan tərəfinə və Rusiya sülhmməramlılarının mərkəzi qərargahına ötürəcək. Bu vəziyyətdə isə Yuxarı Qarabağda baş verən insidentə müdaxilə yenə də rusların kefindən asılı olacaq.

Üçüncüsü, zatən ermənilər hər vasitə ilə Azərbaycanı təxribata çəkirlər. Bir gün Xankəndi-Şuşa su kəmərini partladırlar, bir gün Xocavənddə Njdeyə abidə qoyurlar, bir gün Ağdərə-Kəlbəcər yolunu bağlayırlar. Və bunu heç gizlətmirlər də. Əksinə, bunu daha nümayişkaranə şəkildə edirlər. Onlar bununla da Azərbaycanı atəşkəsi pozan tərəf kimi dünyaya göstərmək və yenidən müharibəyə başlmaq istəyirlər. Baxmayaraq ki, yeni müharibə Ermənistana daha böyük məğlubiyyətlər və fəlakətlər gətirəcək. Amma ermənilər və onların ideolaqları reallıq hisslərini itirdiklərinə görə məsələyə başqa cür yanaşırlar. Erməni faşistləri zənn edir ki, Azərbaycan tərəfi atəşkəsi pozarsa, yeni müharibə başlaya bilər. Bu hesaba da 10 noyabr sülh anlaşması pozulmuş olacaq. Nəticədə Rusiya-Azərbaycan dostluq münasibətləri pozulacaq. Və Qarabağdakı rus sülhməramlı qüvvələri Ermənilər tərəfindən Azərbaycana qarşı vuruşacaq. Üstəlik, ATƏT Minsk qrupu həmən məsələyə müdaxilə edəcək. Nəticədə 5 ay əvvəlki status-kvo bərpa olunacaq.

Bununla da Böyük Ermənistan ideyaları uğrunda yarımçıq qalmış mübarizələrini davam etdirmək üçün ermənilər yenidən şans qazanacaq.

Bəli, ermənilər məhz bu cür düşünürlər. Və hər vasitə ilə atəşkəsi pozmağa çalışırlar. Lakin ermənilər hər şeyi öz arşınları ilə ölçürlər. Və özlərinin primitiv isdəklərinə və hərəkətlərinə qarşı Bakının hansı adekvat addımlar atacağını qətiyyən hesablamırlar. Çünki bunu hesablamağa baş lazımdır. Bu baş isə nə ermənilərdə, nə də ki onların xaricdəki havadarlarında yoxdur. Erməni baş bilənləri unudurlar ki, Qarabağda və İrəvanın hər dalanında baş verən istənilən söhbətdən Bakının xəbəri var. Adi bir nümunə deyəcəm. Ötən ilin dekabrın əvvəllərində erməni mətbuatı məlumat yaydı ki, Nikol Paşinyanın diplomatik pasportu azərbaycanlıların əlinə keçib. Bundan 40 gün sonra Ermənistan XİN bildirdi ki, ötən ilin noyabr ayında nazirlikdən xeyli sayda diplomatik pasport yoxa çıxıb. İtən pasport sahiblərindən biri də Paşinyandır.

Deməyim odur ki, nifrət ermənilərin gözünü o qədər kor eləyib ki, onlar heç nəyi görmür və heç nəyi qanmır. Xankəndi-Şuşa su kəmərinin partladılmasını da, Njdenin abidəsini də, Ağdərə-Kəlbəcər yolunun bağlanmasını da Bakı gördü. Lakin susdu. Çünki Bakıda oturanlar bu addımların hansı məqsədlə atıldığını çox gözəl bilirlər. Və yəqin ki, bununla bağlı diplomatik kanallarla Bakı Moskvaya öz iradlarını da bildirib. Ona görə ki, 10 noyabrdan sonra Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etdi ki, “Biz qarşı tərəf kimi ancaq Rusiyanı tanıyırıq”. Və əlavə etdi ki, “Bizim üçün Dağlıq Qarabağ münaqişəsi adlı bir termin yoxdur”.

Ən maraqlısı odur ki, ölkəmizin lideri bu fikirləri sonuncu dəfə 11 yanvarda Moskvada 3 ölkə başçısının zirvə görüşündə söylədi.

Bütün bunlardan sonra ermənilərin Azərbaycanı təxribata çəkib, yenidən müharibə başlamaq istəyi xülyadır, şirin xəyaldır. Burda bir dənə də xatırlatma etmək istəyirəm. Əgər ermənilər hər hansı ciddi təxribat törətsələr, onların cavabını Azərbaycan Ordusu yox, DTX-nin xüsusi təyinatlı dəstələri verəcək. Necəki dekabrda biz bunu Xocavənd rayonunun Yuxarı TağlarÇaylaqqala kəndlərində gördük, şahidi olduq. Həmin əməliyyatların DTX tərəfindən aparılması ilə Bakı bütün dünyaya və erməni ideoloqlarına göstərdi və sübut etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və istənilən vaxt bu ərazilərdə antiterror əməliyyatı apara bilər.

  • Məhz bütün bu reallıqlardan belə bir nəticə çıxır ki, Türkiyə sülhməramlılarının Qarabağa gəlişi elə bir radikal dəyişikliyə səbəb olmayacaq. Burda sadəcə böyük siyasi maraqlar var. Türkiyə bu və digər şəkildə Azərbaycana, dolayısı ilə Qafqaza gəldi. Türkiyənin gəlişi isə dolayısı ilə NATO-nun gəlişi deməkdir. Bu isə Rusiya üçün ən arzuolunmaz vəziyyətdir. Rusiya bütün gücünü səfərbər etməklə bu gəlişin qarşısını almaq istədi. Amma bacarmadı. Sadəcə Türkiyənin bölgəyə gəlişini 80 gün ləngitdi. Bəs bu gəlişdən Azərbaycanın əsas mənfəəti nə oldu?

Birincisi, qüvvələr balansı tamamilə Azərbaycanın xeyrinə dəyişdi. Bundan sonra Yuxarı Qarabağda baş verən ən xırda insidentə görə  Rusiya sülhməramlıları təkcə Azərbaycana yox, həm də Türkiyəyə hesabat vermək məcburiyyətində qalacaq.

İkincisi, türklərin gəlişi Azərbaycana əlavə imtiyazlar tanıdı. Bu gəlişlə Azərbaycan dünyaya, konkret olaraq ABŞ-a, Avropaya və hətta BMT-yə göstərdi ki, Qarabağ məsələsi mənim daxili məsələmdir. Və onu kiminlə və necə istəsəm, həll edə bilərəm.

Üçüncüsü, türklərin gəlişi rusların tək hakimiyyətliliyinə son qoydu. Yəni ixtiyari zamanda, məsələn, sabah Bakı həm Ankaraya, həm də Moskvaya deyə bilər ki, “sizin fəaliyyətiniz məni qane etmir. Ona görə də hər ikinizin ölkəmdən getməyini istəyirəm”. Təbii ki, belə bir vəziyyətdə Moskvanın cığallıq etməsi üçün əlində heç bir əsas olmayacaq. Çünki Azərbaycan tərəfindən Türkiyəyə də eyni münasibət göstəriləcək. Azərbaycanın (dolayısı ilə Türkiyənin) strateji maraqları üçün bu irad Ankara tərəfindən razılıqla qarşılanacaq. Vəssalam…

Bax, onda rusa ürəklə deyəcəyik: “Davay, dasvidaniya”.

Dördüncüsü, türklərin Qarabağa gəlişi loru dillə desək, ermənilərin belini qırdı. Artıq ermənilər daha əvvəlki kimi “atıb-tuta” bilməyəcəklər. Bundan sonra ermənilər Qarabağ məsələsində nəinki Rusiyanın, heç Avropanın da onlara kömək edə bilməyəcəyini qanmaq məcburiyyətində qalacaqlar.

Ona görə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması bizim üçün əlamətdar hadisədir.

Surxay Atakişiyev,

KONKRET.az

  • Vüsal
    Fevral 1, 2021 - 22:03

    Rus çıxmayacaq. Qarabağdan. Özümüzü aldatmayaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*