Ukrayna hökumətinin Gürcüstanda həbsdə olan eks-prezident Mixeil Saakaşvilinin təhvil verilməsi tələbi gürcü tərəfi üçün təhqirə çevrilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

“Mixeil Saakaşvili ilə bağlı Ukrayna Prezidentinin dünənki addımına gəlincə, mən bu mövzuya dərindən toxunmaq istəmirəm. Çünki bu, müharibə şəraitində olan bir ölkənin prezidentinə aiddir. Ümumiyyətlə, Ukrayna hakimiyyətinin mövqeyi təbii ki, təhqiramizdir”, – o deyib.
Kobaxidze bildirib ki, 2021-ci ildə Saakaşvilinin Gürcüstana gətirilməsində bəzi yüksək rütbəli ukraynalı məmurların əli olub və həmin ölkənin rəhbərliyi onun geri qaytarılmasını tələb etməsi təhqirdir.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinə Gürcüstanın ölkədəki səfirini çağırmağı və həmin ölkənin keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı məsələ barədə Tbilisi ilə məsləhətləşmələr aparmaq üçün 48 saat ərzində ölkəni tərk etməsi barədə göstəriş verməyi tapşırıb. O, yenidən Tbilisini Ukrayna vətəndaşı olan Saakaşvilini müalicə üçün Kiyevə köçürməyə çağırıb. Zelenskinin sözlərinə görə, Ukraynanın tərəfdaşları Saakaşvilini xilas etmək üçün onun müdafiəsinə qalxmalıdırlar.
İqbal Rzayev,
KONKRET.az

İVANİSVİLİ nəhayət ki, tam ozunu PUTİNİN.. Kuklasi.. olmasini isbat etmis oldu!