Regionda, o cümlədən Ermənistan ətrafında zorakılıq hadisələri baş verir, müxtəlif ölkələrin müvafiq rəsmiləri arasında görüşlər keçirilir, Ermənistanla bağlı məsələlər müzakirə olunur. Və bunun fonunda Ermənistan hakimiyyəti ictimaiyyəti əyləndirərək velosiped şousu keçirir.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” blokunun deputatı İşxan Saqatelyan NEWS.am-ın müxbiri ilə söhbətində deyib.
O hesab edir ki, müharibədən sonra hakimiyyət hər şeyin guya normal olduğu görüntüsü yaratmaq və verdikləri bütün itkiləri unutdurmaq istəyir.
Onun sözlərinə görə, Qərb Ermənistan hakimiyyətini dəstəkləyir və onların qanunsuzluğuna göz yumur, Paşinyanı diktatora çevirir.
Millət vəkili qeyd edib ki, Ermənistanın gələcəyi ilə bağlı bu və ya digər xarici siyasət vektoruna arxalanmaq dağıdıcı praktikadır.
“Bu, həm də bizi Ermənistanın regionda faktor ola bilməyəcəyinə inandırmağa çalışan hakimiyyətin fəaliyyətinin nəticəsidir. Biz hesab edirik ki, Ermənistanda dəyişikliklərin açarı Ermənistandadır. Əgər ölkənin başında vətənpərvər və peşəkar qüvvələr olarsa, o zaman Ermənistanın həm müttəfiqləri, həm də xarici tərəfdaşları olacaq”, – deyə deputat bildirib.
O, Rusiyanın erməni müxalifəti ilə birlikdə gecə-gündüz Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd etməsi barədə informasiyaları şayiə adlandırıb.
“Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycandan dəstəyə ümid edərək müxalifətdəki agentlərdən danışır”, – deyə deputat yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az