Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb.
Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.
Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.
Hadisə ilə əlaqədar araşdırma aparılır.
***
22:05
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.
Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
21:10
“Sədərək” Ticarət Mərkəzində (TM) yanğın söndürülüb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.
***
19:45
“Sədərək” Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib”.
KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
“Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb”, – DİN rəsmisi qeyd edib.
***
19:00
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.
