Siyavuş Novruzov yenə gündəm yaratdı. Yenə də dahiyanə fikri ilə deyil, bəsit yanaşmasıyla. Deməli, Siyavuş bəy deyir ki, “Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər”.
Amma Siyavuş bəy iş yerini göstərmir. Sadəcə deyir. Bu da vaxtilə Hadı Rəcəblinin müəllimlər haqqında dediyi tərbiyəsiz fikrə bənzəyir. O zaman Hadı Rəcəbli də demişdi ki, maaşla dolana bilməyən müəllimlər dərsdən sonra gedib işləsinlər. Amma o da iş üçün ünvan göstərməmişdi. Bax, bu yerdə deyirlər ki, toxun acdan xəbəri yoxdu.
Nəzərə alaq ki, bir zamanlar Hadı Rəcəblinin də, Siyavuş Novruzovun da “lyuboy” zəngi istənilən məmur üçün keçərli idi. Və onlar bu zəngləri zamanında çox etmişdilər. Və 7 qat uzaq qohumlarını da ora-bura dürtüşdürmüşdülər. Və elə bilirdilər ki, (Siyavuş bəy indi də elə bilir) iş yeri küçəyə tökülüb. Çünki hərə öz arşını ilə ölçür. Daha bilmirlər ki, onların arşını ilə ac müəllimin və yoxsul tələbənin arşını qətiyyən düz gəlməz. Müəllim dərsdən sonra gedib, ən yaxşı halda kiminsə yükünü daşıya bilər. Qabaqlar buna hambal deyirdilər. İndi isə belələrini işəmuzd çalışan adlandırırlar. Hadı Rəcəbli kimilərin də təfəkkürü bu cür çalışır ki, elin, obanın ziyalısı hər axşam gedib kiminsə qapısında bir qarın yeməyə hamballıq etsin. Sonra da gəlib uşaqlara xoş gələcəkdən, işıqlı sabahdan danışsın. Nə qədər məntiqlidir, Hadı Rəcəbli.
Mən uzaq keçmişi demirəm, ötən əsrin 60-70-ci ilin ənənəsindən danışmaq istəyirəm. Müəllim mal nobatına getmirdi. Müəllim odun dalınca getmirdi. Müəllim bəzən bazarlığa da getmirdi. Bunun hamısını el-oba edirdi. Və deyirdilər ki, “Müəllim, sənin vəzifən bizim uşaqlara savad öyrətməkdir. Sən başqa məsələlərlə özünü yorma”.
Yadımdadır ki, 1978-ci ildə kəndimizə təyinatla bir ingilis dili müəllimi gəlmişdi. O, 2 il bizim evdə qaldı. Amma iki ildə o müəllimdən valideynlərim nəinki mənzil haqqı almadı, əksinə o müəllim 2 il ailəmizin bir üzvü kimi bizimlə bir süfrədən çorək yedi. Bu cür misalları yaşlı nəsillər kifayət qədər çəkə bilər. Yəni bütün zamanlarda müəllim hamıdan və hər kəsdən ucada saxlanılıb. Ona görə də o illərdə müəllimlərə ZİYALI deyirdilər. İndi neyləyək ki, Hadı Rəcəbli də özünü ziyalı sayır. Ziyalı ətrafına işıq salmalıdır. Savadı olan savadı ilə, pulu olan pulu ilə.
Hadı Rəcəblidə isə nə nur oldu, nə də səxavət. O da digər məmurlar kimi, ailəsini xalq bildi, evini dövlət.
İndi də Siyavuş Novruzov deyir ki, tələbələr gedib işləsin. Amma demir ki, harda?! Tələbənin işləyəcəyi yer əslində bəllidir. Tələbə şadlıq evlərində, restoranlarda “podavatçik” və yaxud qabyuyan işləyə bilər. Siyavuş Novruzov karantin müddətində toylara və restoranlara tez-tez getdiyi üçün bilmir ki, koronavirus pandemiyası üzündən ictimai-iaşə obyektləri düz 11 aydır ki, qapalıdır. Bəs onda bu tələbə harda gedib işləsin? Tələbəyə işləməyi təklif edən Siyavuş Novruzov əslində deməli idi ki, “Ay camaat, mən 10-15 tələbəni himayəmə götürürəm. Ən azından tələbə olduqları müddətdə hər ay onlara 300 manat əməkhaqqı verəcəm”. Bu da olardı ayda vur-tut 3-4 min manat. Bu da hörmətli Siyavuş müəllim üçün sadəcə “simiçka” puludur.
Üstəlik, o belə bir addım atsa, bu, həm onun özünə, həm təmsil etdiyi partiyaya, həm də deputat seçildiyi bölgəyə böyük hörmət və şərəf gətirərdi. Amma neyləyək ki, bizim cəmiyyətimizdə köhnə kişilər göyə sovrulub. Yerdə qalanlar da ancaq danışmaq və təklif verməklə məşğuldurlar. Hə, bir də uşaqlarına və qohum-əqrəbalarına gün ağlamağı özlərinin müqəddəs amalı sayırlar. Arada imkan tapıb xaricdə də biznes qurmaq da indiki “ziyalılarımız”ın əsas qayğılarındandır.
Siyavuş müəllimsə ancaq məsləhət verir. Və deyir ki, “biz də vaxtilə tələbə ola-ola işləmişik”. Lakin cənab Novruzov bir şeyi unudur ki, onun tələbəçiliyi dönəmində təhsil pulsuz idi. Və tələbə yataqxanaları da N qədər idi. Nə isə…
Deməyim odur ki, “Əl tutmaq əlidən qalıb”. Yetimi, kasıbı sevindirmək müsəlmançılıqda hər şeydən üstün tutulur. Hə Əli dedim, yadıma Siyavuş Novruzovun bərk gedən vaxtlarında övladı haqqında dediyi sözlər yadıma düşdü. O, oğlunu o zamanlar Həzrət Əli (!) ilə müqayisə edirdi. Görün haaa….
Görəsən, Siyavuş Novruzov razı olardımı ki, onun oğlu təhsil haqqı üçün hansısa əyyaşın qabağından sür-sümük yığsın, stolun təmizləsin? Əminəm ki, razı olmazdı. Ona görə də Siyavuş müəllim, özünüzə rəva görmədiyinizi başqalarına məsləhət bilməyin. Hə, bir də vaxtınız olsa, bir anlığa özünüzü övladının təhsilhaqqını ödəyə bilməyən və buna görə uşaqlarının qarşısında hər gün xəcalətdən ölüb-dirilən valideynlərin yerinə qoyun. Görün ki, o vəziyyət nə qədər dəhşətli və acımasızdır.
Sonda onu deyirəm ki, neyləyək ki, bu gün cəmiyyətimizin aktif fazasında Siyavuş Novruzov, Hadı Rəcəbli kimi düşünənlər çoxdur. Və nə qədər ki, tribuna belələrinin əlindədir, onda vay bizim halımıza.
Surxay Atakişiyev,
KONKRET.az