“ABŞ Ermənistana demokratiya və iqtisadi sabitliyi gücləndirmək üçün 120 milyon dollar ayıracaq”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin açıqlamasında bildirilib. Məlumatda deyilir ki, ABŞ demokratikləşməyə və iqtisadi sabitliyə yönələn islahatları dəstəkləmək üçün Ermənistana 120 milyon dollar qrant verəcək.
Ermənistan hökumətinin məlumatına görə, ümumilikdə ölkədə demokratiyanın inkişafına 68,556 milyon dollar, iqtisadi təhlükəsizliyin yaxşılaşdırılmasına isə 51,435 milyon dollar ayrılıb.
Layihənin əsaslandırılmasında deyilir ki, Vaşinqton bu addımı ilə “səmərəli və hesabatlı idarəetmənin qurulmasında, demokratik nailiyyətlərin qorunub saxlanılmasında və iqtisadi problemlərin aradan qaldırılmasında” rəsmi İrəvana yardım edir. Həmçinin pandemiya və Qarabağ müharibəsi ilə bağlı Ermənistana dəstək verməyi öhdəsinə götürür.
Sənəddə deyilir ki, ayrılan vəsait, Ermənistanda ədalətli və şəffaf növbədənkənar parlament seçkiləri keçirməyə imkan verəcək.
Müşviq Tofiqoğlu,
KONKRET.az
