Süd və süd məhsulları istehsal edənlər seçim qarşısında: Ya qiyməti artırmalıdır, ya da…backend

Süd və süd məhsulları istehsal edənlər seçim qarşısında: Ya qiyməti artırmalıdır, ya da...

2026-cı ilin ilk rübündə ölkəyə gətirilən süd və qaymaq üçün çəkilən xərclərin kəskin artması bazarda qiymət dinamikasını yenidən gündəmə gətirib. Qlobal bazarlarda baş verən dəyişikliklər, daşınma və istehsal xərclərinin yüksəlməsi fonunda bu tendensiyanın daxili bazara necə təsir edəcəyi müzakirə olunur. Bəs bu artım süd və süd məhsullarının qiymətlərində bahalaşmaya yol aça bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, idxal xərclərinin daha sürətlə artması bir ton südün əvvəlkindən daha baha alınması deməkdir:

İqtisadçı Akif Nəsirli: "Hökumət gərək özünü aldatmasın, iqtisadiyyatın bütün seqmentlərində rəqabət mühiti formalaşdırsın"

“Bu, o deməkdir ki, ya dünya bazarında süd bahalaşıb, ya ixracatçı ölkələr qiyməti artırıb, ya da daşınma, sığorta və gömrük xərcləri yüksəlib. Nəticədə idxal olunan südün maya dəyəri artır.

Quru süd, qaymaq, kərə yağı və pendir kimi məhsullar əsasən Belarus, Rusiya, İran, Türkiyə və Yeni Zelandiyadan ölkəyə gətirilir. Yerli emal müəssisələri də çox vaxt xaricdən təmin olunan xammaldan istifadə edir. Bu isə xarici bazarlarda qiymətlərin artmasının birbaşa olaraq istehsal xərclərinə təsir etməsi deməkdir.”.

Onun sözlərinə görə, bu vəziyyətdə istehsalçıların qarşısında üç seçim qalır:

“Ya mənfəəti azaldaraq xərci öz üzərinə götürür, ya istehsalı azaldır, ya da məhsulun satış qiymətini artırır. Uzun müddət ziyanla işləmək mümkün olmadığından, qiymət artımı labüd hesab edilir. İdxal qiymətləri 15-20% artarsa, bu, adətən 2-3 ay ərzində hazır məhsullarda 5-10% bahalaşma kimi əks olunur.
Qiymətlərin formalaşmasına yalnız idxal deyil, digər daxili faktorlar da təsir edir.

Yem, dərman, elektrik və yanacaq xərcləri yüksəldikdə – həm yerli, həm də idxal xərcləri üst-üstə düşür və bahalaşma daha da sürətlənir”.

Ekspert xatırladıb ki, 2025-ci ildə kənd təsərrüfatı xərclərinin artması fermerlərin yükünü artırıb, 2026-cı ilin əvvəlində isə inflyasiya 5,7% səviyyəsində qeydə alınıb:

“Bu fonda idxal məhsullarının da bahalaşması istehsalçılara ikiqat təzyiq yaradır. Nəticədə qiymət artımı daha kəskin olur.

Marketlər icarə, əməkhaqqı və logistika xərclərini məhsulun üzərinə əlavə edir. Zavod qiyməti 10% artırdıqda, bu rəfdə 15%-lik artım kimi görünə bilər”.

Ekspertin fikrincə, mövcud tendensiya davam edərsə, 2026-cı ilin yay aylarında süd, yoğurt, pendir, kərə yağı və xama kimi məhsullarda 8-15% aralığında bahalaşma mümkündür.

“Əgər hökumət idxal rüsumlarını azaldarsa, fermerləri subsidiya ilə dəstəkləyərsə və ya istehsalçılar daha ucuz alternativ bazarlara yönələrsə, qiymət artımı daha məhdud ola bilər. Lakin hazırkı şəraitdə – idxalın bahalaşması, yerli xərclərin yüksəkliyi və inflyasiyanın mövcudluğu fonunda risk kifayət qədər yüksəkdir”, – deyə o, vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*