Son illər Bakıətrafı ərazilərdə əhalinin sayının artması nəqliyyat infrastrukturunun genişləndirilməsi məsələsini yenidən gündəmə gətirib. Xüsusilə Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin axınının çoxalması fonunda Sumqayıta metro xəttinin çəkilməsi ilə bağlı təkliflər tez-tez müzakirə olunur.
Bəs yaxın gələcəkdə Sumqayıta metro çəkilməsi real görünürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yeni metro xəttinin tikintisindən daha səmərəli və iqtisadi cəhətdən əlverişli variant mövcud şəhərətrafı dəmir yolu infrastrukturunun inkişaf etdirilməsidir.

Ekspertin sözlərinə görə, Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən elektrik qatarları faktiki olaraq yerüstü metro formatına uyğunlaşdırıla bilər:
“Qatarların hərəkət intensivliyi artırılmalı, 15-20 dəqiqəlik intervallar təmin edilməlidir. Şəhərətrafı stansiyalar multimodal nəqliyyat qovşaqlarına çevrilməli, sərnişinlərin metro, avtobus və dəmir yolu arasında rahat keçidi təmin olunmalıdır. Dərnəgül, Koroğlu və 28 May stansiyalarındakı inteqrasiya modeli bu istiqamətdə nümunə ola bilər”.

R.Ağamirzəyev qeyd edib ki, dəmir yolunun rabitə və siqnalizasiya sistemi tam rəqəmsallaşdırılmalı, yük və sərnişin daşımaları bir-birindən ayrılmalıdır. Onun sözlərinə görə, hazırda gündüz saatlarında yük qatarlarının hərəkəti sərnişin qatarlarının hərəkətinə məhdudiyyətinin tətbiqinə səbəb olur. Bu istiqamətdə artıq müəyyən addımlar atılıb.
Ekspert hesab edir ki, mövcud dəmir yolu xəttinin potensialı kifayət qədər yüksəkdir:
“Hazırda Abşeron dairəsində gündəlik təxminən 42 min sərnişin daşınır. Məqsəd bu göstəricini yaxın illərdə 200 min nəfərə çatdırmaqdır. Məncə, potensial bundan da yüksəkdir.Lakin bunun üçün əlavə qatarlar lazımdır. Hazırkı 9 qatar və yeni alınanacaq 20 qatar belə kifayət etməyəcək. Təxminən 60 qatar olarsa, 15-20 dəqiqəlik interval təmin edilə bilər”.
Onun fikrincə, Bakı, Xırdalan və Sumqayıt arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün dəmir yolu stansiyalarına inteqrasiya olunmuş marşrut şəbəkəsi yaradılmalı, piyadalar üçün səkilər abadlaşdırılmalıdır.
Ekspert təhlükəsizlik məsələlərinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
“Abşeron yarımadasında sıx yaşayış səbəbindən dəmir yolu boyunca yeni piyada və avtomobil keçidləri salınmalı, ərazilər işıqlandırılmalı, çəpərləmə işləri aparılmalıdır. Bundan əlavə, heyvan keçidləri və digər infrastruktur elementləri də nəzərə alınmalıdır.

Xırdalan və Sumqayıtda əlavə dayanacaqların yaradılması vacibdir. Qatarların sürəti və daşıma qabiliyyəti artırılarsa, səfər müddətini əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq.
Əsas məsələ ondan ibarətdir ki, metro çox bahalı infrastrukturdur. Halbuki mövcud dəmir yolu xətti artıq var və fəaliyyət göstərir. Onun modernləşdirilməsi həm maliyyə, həm də vaxt baxımından daha sərfəlidir. Yeni metro xəttinin tikintisi böyük investisiya və uzun illər tələb edir. Buna görə də hazırkı mərhələdə Sumqayıta metro çəkilməsi real görünmür. Daha doğru yol mövcud dəmir yolu sistemini təkmilləşdirməkdir”, – deyə ekspert vurğulayıb.
Rauf Ağamirzəyev hesab edir ki, Bakı-Sumqayıt istiqamətində sərnişin daşımalarının artırılması üçün təkcə qatarların sayı deyil, onların tipi də dəyişdirilməlidir.
“Qatarlar metro qatarlarına bənzər şəkildə daha çox sərnişin daşımaq imkanına malik olmalıdır. Vaqonların daxili quruluşu ayaqüstə səfər edən sərnişinlərin rahat hərəkətinə uyğunlaşdırılmalı, daha geniş sərnişin tutumu təmin edilməlidir.
Qatarlar elə formatda sifariş olunmalıdır ki, eyni anda daha çox sərnişin daşıya bilsin. Bu, həm pik saatlarda sıxlığın azalmasına, həm də Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin axınının daha səmərəli idarə olunmasına imkan verəcək”.
Aynurə İsmayıl
KONKRET.az


Sumqayıtdan Bakıya, heç olmasa Baki avtovaqzalina birıeşdirilse, 20 yanvar dairesi yükü azalar. Sumqayıtdan Bakıya metro olsa, niye men öz avtomobilimle gedim? Elə metro ile, gedib gelerikde. Elektrik qatarı var, gedib qayıtmaq olmur. İnterval böyükdür. Günorta işlemir. Seher gedib, günorta qayıtmaq oımur. Ona göre mecburiyyeyden şexsi avtomobille gedilir. Metroda ise, interval az oıduqundan, gediş-gəliş əlverişli oıar, şexsi maşina baxanda.
Sumqayıtda metroya ən əlverişli yeri, 9 mk, da, kecmiş “Şərq bazarı” yeridir. Bir nece mikrorayonu özünde birleşforen boş qalan ərazisi.